"Telekanal hər evə xoş aura gətirməlidir"

Müasir dövrdə gəncliyin milli düşüncədə yetişməsində televiziyaların və təhsilin rolu əvəzsizdir. Bu məqamlara qısaca da olsa nəzər salaq. Müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Telekanal isə ona həvalə olunan ali missiyanı yerinə yetirməli və cəmiyyətdə müsbət atmosferin formalaşmasına cəhd göstərməlidir. TV-lərin hədəflədiyi tendensiyalar yeniyetmə və gənclərə istiqamətlənir. Həyatının müəyyən bir dövrünü yaşamış və ahıl çağında olan insanlara telelayihələr o qədər təsir etmək gücündə olmur. Yeniyetmə və gənclər isə birbaşa hədəfdir.

Bunu ekspert Əkrəm Bəydəmirli milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və gənclərimizin bu ruhda tərbiyələndirilməsi ilə bağlı söhbətimizdə deyib

O, qeyd edib ki, bu reallıqdır ki, sosial şəbəkələrin bu qədər geniş yayıldığı dönəmdə də ənənəvi tv-lərin ictimai şüura təsir imkanları, bütün mənalarda böyük bir nəslin dünya görüşündə oynadığı rol güclüdür. Elə ola bilər ki, məsuliyyətsiz, cahil bir televiziya aparıcısının proqramı böyük bir nəslə zərbə vursun:

"Hətta bir çox hallarda bu sahədə, yəni telelayihələrdə xoşagəlməyən tendensiyalar qabarıq şəkildə özünü göstərir. Azərbaycan teleməkanı ilə bağlı narahatçılıq hər zaman deyilib, yazılıb. Təəssüf ki, problemlər qalmaqdadır. Peşəkarlıq media üçün hər zaman aktual məsələ olub. Təbii ki, media sahəsində peşəkarlığın aşağı düşməsinə təsir göstərən kifayət qədər səbəblər var. Amma reallıq budur ki, Azərbaycan tamaşaçısının xeyli hissəsi xarici kanalları izləməyə daha çox önəm verir. Bütün bu məqamlar düşünməyə əsas verir ki, öz tv məkanımızdakı problemlərə diqqət yetirək".

Ekspertin fikrincə, bütün hallarda teleleviziya hadisələrin fövqündə duraraq zərərli tendensiyalardan uzaqlaşaraq gənclərə hədəflənmiş maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəf olmalıdır. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib elementidir:

"Xoşa gəlməyən hal odur ki, bu, verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik və digər səbəblər bərbad verilişin ortalığa çıxmasına gətirib çıxarır. Həmin şəxslər neçə illər əvvəl necə olubsa, demək olar ki, indi də televiziyanı eyni formada urvatsız günə salırlar. Aparıcı televiziyanın simasıdır. Əgər bu sima zədələnibsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdir. Telekanal hər evə xoş aura gətirməlidir. Ailə institutunun dağılmasını hədəfləyən bəzi verilişlərdə qaldırılan məqamlar televiziyanın müzakirə mövzusu olmamalıdır. Bu məsələlərin müzakirəsi və həlli yollarının tapılması tv-də deyil, bəzi dövlət qurumlarının səlahiyyəti çərçivəsində olmalıdır.

Bir vacib məqamı qeyd etmək istərdim. Xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan adət-ənənələrı ictimailəşməməlidir, qorunmalıdır. Bu gün ictimailəşməli həddindən artıq problemlər mövcuddur. Onun üzərində düşünmək lazımdır. Azərbaycanda ailə institutu hər zaman möhkəm olub. İndi bu ailə institutunu dağıtmaq üçün getdikcə çox münbit şərait yetişməkdədir. Çox acınacaqlı olsa da deməliyik. bəzi televiziyalar bu prosesdə fəallıq göstərirlər".

Gəncliyin və ümumilikdə cəmiyyətin problemi həm də təhsil sisteminin keyfiyyəti ilə bağlıdır. Təhsil elə bir sahədir ki, cəmiyyətin problemlərinin bir çoxunu burada axtarmaq lazımdır. Ona görə ki, bütün sənət sahibləri orta məktəb partası arxasından çıxaraq müstəqil həyata, bu cəmiyyətə yol açırlar. İkinci ailə sayılan məktəb, oradakı müəllimlər azyaşlı uşağın gələcək taleyini müəyyən edir:

"Gələcək biznesmenin, polisin, həkimin, mühəndisin və s. əxlaqlı dünyagörüşü, vətəndaşlıq mövqeyi, milli kimliyi, dövlətçilik təfəkkürü məhz orta məktəb partasından formalaşır. Zəncirvari proses olan bu məqamlarda baş verən hər hansı qüsurlar gündəlik həyatımızda, cəmiyyətimizdə özünü büruzə verir.

Təbii ki, təhsilsizlik cəmiyyət üçün hər zaman təhlukəli olub. Ancaq bütün problemləri təhsildə axtarmaq düzgün deyil.

Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə məsuliyyətsiz yanaşma olsun. Əlqərəz qaranlıqdan uzaq olun. Hər zaman işığa və cəmiyyətin aydınlığına doğru yolunuz açıq olsun dəyərli oxucu!"

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

0.058195829391479