Quba rayonunda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib

Quba rayonunda “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilib.

Quba Dövlət Sosial İqtisadi Kollecinin akt zalında keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd zəfərimizlə başa çatan Vətən müharibəsinin gənc nəsil arasında təbliğ edilməsinə dəstək verməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Əhməd Nurullayev, Quba Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev öz çıxışlarında bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında müsbət əhəmiyyətə malik olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsinə görə təşkilatçılara təşəkkürlərini bildirmişlər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Quba Dövlət Sosial İqtisadi Kollecində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında, eləcə də Quba rayounun müxtəlif ümumtəhsil mətəblərində təhsil alan şagird və tələbələrdən ibarət 5 komanda tərkibində birləşən 30 nəfər yeniyetmə və gənc mübarizə aparıb. Yekunda “Carpe Diem” komandası qalib adını qazanıb. “Vendetta” və “Bilik” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar, bütün iştirakçılara isə layihə çərçivəsində hazırlanmış Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Qubadan olan ümumilikdə 186 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların yer aldığı “Zəfərin şəhid qəhrəmanları” adlı kitablar təqdim edilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunur.

Layihə çərçivəsində Xızı, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında Vətən müharibəsinə həsr olunmuş tədbirlər təşkil edilmiş, ümumilikdə 300 nəfər yeniyetmə və gənc bu istiqamətdə maarifləndirilmidir.

0.057716131210327