Partiya rəsmisi: "Günbə-gün artan qiymətlər insanları sabaha ümidsiz edir"
Son vaxtlar Azərbaycanda bir gündə 2-3 intihar hadisəsinin baş verməsi barədə xəbərlər eşidirik. İntiharın əsasını, yəni 70 faizini depressiya təşkil edir. Depressiya keçirən insanların isə 15 faizi intihar edir. Statistikaya görə, dünyada hər il 1 milyondan yuxarı insan özünə qəsd edir. 19 milyon insanın isə özünə qəsdi uğursuz alınır. Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda qadınlar və yaxud da ailə başçıları arasında intihar hadisələrinin çoxalması məhz iqtisadi vəziyyətlə bağlıdır. Daha çox böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atır. Əslində isə intihar edənlər 70-80 faiz ölməyi heç istəməyən insanlardır.
İntihar nədir?
Baku News bu mövzu ilə bağlı tibbi sahənin mütəxəssisi, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədovaya müraciət etdi.
Dinarə Məmmədovanın fikrincə, intihar insanın özünün dərd-qəm içində olduğu bir vaxtda duyğularına təslim olduğu bir qaçış yoludur:
“İnsan hər gün özünü yüksək emosiyada hiss edə bilməz. Çünki hər yeni gün yeni bir şey öyrənir, görür, eşidir, bu ona pozitiv və ya neqativ təsir bəxş edir. Heç kim deyə bilməz ki, hansısa pis bir hadisə onun hisslərinə mənfi təsir etmir. Təsir edir, həmin günkü enerjisini düşürdür, müsbət əhval-ruhiyyə ilə günə başlamış şəxsin emosiyasını mənfiyə çevirə bilər. Bəs intihar halları niyə baş verir? Burada bir neçə problemləri qeyd etmək olar. Sosial, psixoloji, ailə daxili və sairə kimi problemləri demək olar. Mənim fikrimcə, son illər sosial problemlərə görə intiharlar çoxalıb. İşsizlik, maaşın az olması, günbə-gün artan qiymətlər insanları sabaha ümidsiz edir. İnsanlar depresiyaya düşür. Bəziləri depresiyada olanda yeganə yolu intiharda görərək bu addımı atırlar”.
Dinarə Məmmədovanın sözlərinə görə insan bəzən elə bir hadisə yaşayır ki, doğru qərarlar verə bilmir, heç bir çıxış yolu olmadığını düşünür:
“Bu düşüncələr onu günü-gündən əridir və nəticədə belə bir yanlış qərar verir. Bəli, intihar tamamilə səhv addımdır. Ən başlıcası günahdır. Lakin intihar halları getdikcə artır. Bəzi insanlar çətinliklərə tab gətirmək, mübarizə aparmaq əvəzinə, bu seçimi edirlər. “Ailəmdəki problemlər məni bezdirir, dözə bilmirəm” – bu da bir digər intihar səbəbi. Tutaq ki, siz intihar edib həyatdan köçdünüz ailədəki problemlər həll olacaqmı? Xeyr. Deməli bu çıxış yolu deyil. Xəstə yatağına bağlı olan insanların çoxu həyata doymaq istəyir, o çarəsiz deyilmi, sizcə? Çarəsizliyi yaşayan o insanın ümidləri qədər sizdə həyata qarşı ümid yoxdurmu? O insanda yaşamaq əzmi, həyat sevgisi var, özünü sevir, əzizlərini sevir. Həyatında müvəqqəti çətinlik yaşamaq çarəsizlik deyil, nə vaxtsa düzələcəyini biləcəyin bir şey çarəsizlik deyil!”