Dünya çempionumuz Fransadan əvvəl Çilidə mübarizə aparacaq

Karate üzrə böyüklərdən ibarət əsas milli komandamız 2020-ci il mövsümündə mübarizəyə başlayır.

Bakunews.media xəbər verir ki, qadın komandamızın lideri, dünya çempionu İrina Zaretskaya (-68 kq) 10-12 yanvar tarixlərində Çilinin paytaxtı Santyaqoda Karate1 Seriya A turnirində iştirak edəcək.

Dünya və Olimpiya reytinqinin birincisi olan ukraynalı legionerimizi Cənubi Amerikada qadınların baş məşqçisi və özünün şəxsi çalışdırıcısı Denis Morozov müşayiət edəcək.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara Olimpiya reytinq xalları qazandıracaq.

Qeyd edək ki, İrina Zaretskaya və millimizin digər üzvləri yanvarın sonlarında Fransanın paytaxtı Parisdə keçiriləcək Karate1 Premyer Liqa turnirində də mübarizə aparacaq.

0.39464116096497