Əlilliyi olan şəxslərin əmək hüquqları müzakirə olunub
“Qarabag Əlilləri və Veteranları” İB-nin baş ofisində “Əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması yolları və bu işdə ictimai təşkilatların rolu” mövzusunda dəyirmi masa kecirilib.
Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İlk öncə "Qarabağ əlilləri və veteranları" cəmiyyətinin birinci sədr müavini, hüquq müdafiəçisi Sədrəddin İsgəndərov son illər əmək qanunvericiliyində olan, əslində isə əlillərin xeyrinə yox, işəgötürənə daha cox səlahiyyət verən qanunlardan danışılıb.
“Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri İradə Rızazadə Qeyri-Hökumət Təşkilatları tərəfindən əlilliyi olan qadınlarla bağlı görülən işlərdən, onlar ücün təşkil olunan peşə kurslarından və alınan müsbət nəticələr barədə danışıb. Əlilliyi olan vətəndaşlar arasında aktiv maariflənmənin vacibliyini vurgulayıb.
Sonra söz Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyubluya verilib.
O, son illər müəssisələrdə olan yerli həmkarlar birliklərinin yarıtmaz fəaliyyəti nəticəsində bir cox müəssisədə nəinki əlilliyi olan, hətta saglam əməkdaşların əmək hüquqlarının sıfıra endiyini, bu məsələlərə birbaşa nəzarət etməli olan Dövlət Əmək Müfəttişliyinin iflic vəziyyətdə oldugunu bildirib.
“Qarabag Əlilləri və Veteranları” Cəmiyyətinin sədri, Azərbaycanın ilk qadın-snayperi Növrəstə Yusifova isə əliliyi olan və olmayan müharibə iştirakçılarının təkcə məşğulluğundan yox, həm də müalicə problemlərindən danışıb.
Növrəstə Yusifova bildirib ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi arasında olan anlaşılmazlığın nəticəsi olaraq, əlillərin bərpa müəssisələrinə müraciət edənlərdən xeyli şikayət alır. Əsas şikayətlər bərpa ocaqlarında müalicələrin yarımçıq aparılmasından, medikamentoz müalicənin ümumiyyətlə, ləğv edilməsindəndir. Hər iki amil əlilliyi olan şəxslərin vəziyyətini daha da ağırlaşdırır. Müalicəyə ehtiyacı olan əlil fizioterapiyanı bir müəssisədə, dərman müalicəsini isə başqa müəssisədə və müxtəlif zamanlarda almağa məcbur qalır.
Toplantıda iştirak edən “Qarabag Əlilləri və Veteranları” Cəmiyyətinin və Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətlərinin üzvü Əhməd Rəhmanov son 3 ayda təkcə “Azəriqaz” İB-də əlilliyi olan bir neçə işçinin əlil olduqları üçün işdən çıxarılmasından danışıb.
O, bildirib ki, ölkə başçısının yerlik yoxlamalara son qərarını əllərində bayraq edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin səyi nəticəsində bütün tikintilərdə işcilərin 70 faizi müqaviləsiz işləyir. Bu isə milyonlarla pulun dövlət büdcəsindən yayınaraq şəxsi ciblərə axması deməkdir.
“Mən hələ bu tikintilərdə müqaviləsiz çalışan insanların sosial və tibbi sığortasını vurğulamıram”, - Əhməd Rəhmanov bildirib.
Müzakirələrin yekununda əlilliyi olan şəxlərlə bağlı əmək qanunvericiliyindəki nöqsanların və boşluqların aradan qaldırılması üçün Prezident və Milli Məclisə təkliflər paketi hazırlanması qərarı qəbul olunub.
Qeyd: “Əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması yolları və bu işdə ictimai təşkilatların rolu” mövzusunda dəyirmi masa Azərbaycan ordusunun antiterror əməliyyatın başlamasından əvvəl kecirilib.