80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olunub - FOTO
Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.
APA-nın məlumatında belə deyilir.
Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədovun verdiyi məlumata görə, Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub:
“İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.
Elazığ Fırat Universitetindən APA-ya verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.