Evə fişəng düşərsə, günahkar kimdir? - FOTO
2024-cü il başlayan vaxt Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən Xətai Park Yaşayış Kompleksində çoxmərtəbəli binanın həyətində keçirilən atəşfəşanlıq zamanı fişənglərdən biri yaşayış evinə düşüb və daha sonra mənzildə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunublar. Yanğın söndürülsə də, ev tamamilə yanıb.
Bəs bu cür hadisə baş verən zaman günahkar kimdir?
Hüquqşünas Cavid Babayev Bakunews.media-a açıqlamasında bildirib ki, bu cür hadisələr əksər hallarda vətəndaşların ehtiyatsızlığı və xüsusən də hüquqi maarifləndirmənin aşağı səviyyədə olması səbəbindən baş verir:
“Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın həm ümumi, həm də vəzifəli subyektlər tərəfindən bu qaydalara ciddi riayət olunmamasından irəli gələ bilər.
Mövcud İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda, digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - həm fiziki, həm vəzifəli şəxslərə xəbərdarlıq edilir.
Bu, hüquqi statusundan asılı olaraq, iyirmi manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinə əsasən, inzibati xəta törədərkən, yalnız on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar”.
C. Babayev bildirib ki, məsələyə daha kriminal tərəfdən nəzər yetirsək, pirotexniki vasitələrdən şəxsiyyət və ya mülkiyyət əleyhinə qəsdən istifadə olunması mövcud Cinayət Məcəlləsinin 187-ci maddəsinin təsiri altına düşür:
“Yəni özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə kimi başa düşülür.
Təqsirkar öz hərəkətləri ilə xeyli miqdarda ziyan vura biləcəyi imkanını qabaqcadan görmür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir. Bu psixoloji davranışa cinayətkarcasına özünəgüvənmə deyilir. Qeyd olunan cinayətin subyekti on altı yaşına çatmış anlaqlı fiziki şəxsdir.
Cinayət həmin yaş həddinə çatmayan şəxs tərəfindən törədildikdə, onun valideynləri mülki qaydada məsuliyyət daşıyırlar, istintaqın araşdırması və məhkəmənin qərarı əsasında isə həmin şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər. Məcəllənin tələbinə əsasən, cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur”.
İlhamə Əbülfət