Alessandro Byanki: “İmarət Kompleksini işğaldan əvvəlki vəziyyətə gətirmək istəyirik”

“İmarət Kompleksini bərpa edib işğaldan əvvəlki vəziyyətə gətirmək istəyirik”.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Byanki jurnalistlərə açıqlamasında deyib.

İmarət Kompleksinin bərpa prosesində çalışmaq üçün Azərbaycana dəvət edildiyini deyən ekspert bildirib ki, kompleks qədim tarixi abidə olmaqla yanaşı, burada həm də qədim qəbiristanlıq mövcuddur:

“İşğal dövründə ermənilər kompleksdə inək, donuz kimi heyvanlar saxlayıblar və nəticədə ərazi dağıdılaraq viran edilib. Ağdam azad edildikdən sonra biz ilk dəfə bura gələndə İmarət Kompleksinin vəziyyətinin olduqca acınacaqlı olduğunu müşahidə etdik. Bilirik ki, kompleksin bərpası Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir. Eyni zamanda dini baxımdan bura həssas yanaşılan bir yerdir”.

O, bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra Mədəniyyət Nazirliyi ilə danışıqlar aparılıb və ötən il İmarət Kompleksinin bərpa planı hazırlanıb:

“İmarət Kompleksində görülən işlər iki mərhələyə bölünüb. Birinci mərhələ mövcud tikililərin bərpası, ikinci mərhələ isə qədim qəbiristanlığın bərpasıdır. Qəbiristanlığın bərpası zamanı bizim qarşımızda böyük çətinliklər dayanır. Demək olar ki, bütün qəbirlər dağıdılıb, talan edilib. Bununla yanaşı qəbirlərlə bağlı məlumatsızlıq bizim üçün əlavə çətinliklər yaradır. Belə ki, qəbirlər öz yerində olmayıb, hər biri başqa tərəfə dağıdılıb”.

Ekspert vurğulayıb ki, azərbaycanlı arxeoloqlar İmarət Kompleksində böyük işlər görüblər:

“Hazırda tədqiqatların ikinci mərhələsi, yəni kompleksin ən yüksək səviyyədə bərpa edilərək istifadəyə verilməsi üçün işlər davam etdirilir. Sovet dövrü - 1970-ci illərin sonunda Pənahəli Xanın saray kompleksi bərpa edilib. Biz həmin arxiv sənədlərinin tədqiqatını aparırıq və sözügedən arxiv sənədlərinə əsasən, bərpa layihəsini hazırlayırıq. Hazırkı bərpanın əsas məqsədi ondan ibarətdir ki, İmarət Kompleksini işğaldan əvvəlki vəziyyətə gətirək. Mənim tərəfimdən təqdimat zamanı prezident İlham Əliyevə də kompleksin işğaldan öncəki vəziyyətə qaytarılmasının əsas məqsəd olduğu məruzə edilib”, - deyə A.Byanki yekunlaşdırıb.

0.15917015075684