Sürücüləri qayda pozmağa təhrik edən Bakının ən “hörmətsiz” QOŞA XƏTTİ - AÇIQLAMA + VİDEO

Bakının Binəqədi rayonu ərazisində, Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən (el dilində “Vorovski dairəsi” deyilən ərazidən) üzü Binəqədiyə tərəf, Mərkəzi Seçki Komissiyasının binasının yanına kimi olan məsafədəki hərəkət zolağında bir kilometrlik qoşa xəttin çəkilməsi illərdir həmin ərazidə yaşayan hərəkət iştirakçıları üçün ciddi problem yaradır. Problemin kökü ondadır ki, həmin qoşa xəttin uzunluğu təxminən bir kilometrə qədər olsa da, ərazidə olan binaların və hətta klinikanın girişi üçün sola dönmə icazəsi verilməyib. Belə olan təqdirdə, ərazidə hərəkət intensivliyinin ən pik olduğu vaxtlarda, xüsusən səhər və axşam saatlarında, həmin bu qoşa xətti kim haradan istəsə, kəsib keçir. Bu isə hərəkət iştirakçıları üçün çox təhlükəli vəziyyət yaradır.

Bəli, nişanlanma xəttinin tələbini heç bir halda pozmaq olmaz. Amma razılaşaq ki, bəzən hərəkət elə təşkil olunur ki, sanki məqsəd hərəkətin nizamlanmasını yox, pozulmasını təmin etməkdir. Problemin təsvirinə gələk.

Qeyd edim ki, həmin ərazidə hər iki istiqamətdə - istər Binəqədidən üzü şəhər istiqamətinə, istər şəhərdən üzü Binəqədi istiqamətinə günün pik saatlarında daim hərəkət sıxlığı olur, tıxac yaranır. Ərazidəki qoşa xətt, əslində, tələb edir ki, soldakı binaların və ya klinikanın həyətinə keçmək üçün bəzən bir saata yaxın tıxacda gözləməlisən, geriyə dönüş yerinə çatmalısan və oradan da, əgər şansın gətirib, vaxtında geri dönüş edə bilsən, gəlib həyətinə keçməlisən. Bunu isə təbii ki, əksər sürücülər etmirlər. Beləcə, kim qoşa xətti haradan bacarsa, oradan kəsib keçir. Bəziləri, bir az “insaflı” davranır, dönmə işığı yandırırlar, bəziləri isə gələn avtomobil çatana kimi qəfil dönmə edib həyətdə gözdən itməyə çalışırlar. Bəli, qoşa xəttin tələbini pozduqlarını bilə-bilə bunu edirlər. Bu, könüllü qayda pozmaqdan daha çox, qayda pozmağa rəsmən təhrik olunmağın mənzərəsidir.

İkinci bir məsələ: Həmin ərazidə geriyə dönmənin nəzərdə tutulduğu dairədən geri dönmək özü sürücü üçün bir ayrı işgəncə deməkdir. Çünki Binəqədidən üzü şəhər istiqamətinə gələn avtomobil axını dönmə etmək istəyənlərə imkan vermir. Nəticədə sürücülər dəqiqələrlə dairədə siqnallaşmalı olurlar, avtomobillər az qala bir-birinə sürtünür. Bəzən pəncərələri açıb bir-birlərinə ürək sözlərini deyənlər də az olmur. Günahkar kimi isə hər bir halda sürücü görünür.

Bir anlıq rakursu dəyişək - bəlkə, problem hərəkətin təşkilindədir?

Ötən gün axşam saatlarında, ərazidə olduğum beş dəqiqə ərzində, bəlkə, 10-dan çox avtomobilin qayda pozduğunun şahidi oldum. Videodan da göründüyü kimi, real vəziyyət sürücünün bunu etməsinə zəmin yaradır.

Ərazidə yaranan problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq. Bakunews.media-ın sorğusuna cavab olaraq idarənin baş inspektoru Toğrul Nəsirli bildirdi ki, qayda pozan sürücülər barəsində müvafiq tədbirlər həyata keçiriləcək.

“Qeyd edilən ərazidə 1.3 üfüqi nişanlanma xəttinin olmasına baxmayaraq, bəzi sürücülər həmin nişanlanma xəttinin tələbini kobud şəkildə pozaraq sola və yaxud geriyə manevr etməklə əks istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla yanaşı, yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradırlar. Təbii ki, bu, yolverilməzdir və inzibati məsuliyyət yaradır. Ərazidə dislokasiya üzrə xidmət aparan əməkdaşlarımız tərəfindən vizual olaraq bu hal aşkarlandığı təqdirdə həmin sürücülər barəsində qanunauyğun tədbirlər həyata keçiriləcək. Odur ki, sürücülərdən xahiş edirik ki, qaydalara biganə yanaşaraq özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmasınlar”.

Ərazidə yol hərəkətinin təşkilinə dəyişiklik edilməsi ilə bağlı məsələyə gəlincə, T.Nəsirli qeyd edib ki, sözügedən ərazidə yol şəraiti və hərəkətin intensivliyi öyrənilib, monitorinq təhlilləri həyata keçirilib və nəticəyə uyğun olaraq tədbirlər görülüb:

“Adıçəkilən ərazidə sola və geriyə dönməyə icazə verilməməsinə gəlincə, qeyd edim ki, belə olduğu halda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin tam şəkildə təmin olunmayacağı səbəbindən məqsədəmüvafiq hesab edilməyib. Təbii ki, yenidən monitorinq təhlillərinin aparılması ilə bağlı yol hərəkəti təşkilinə baxış üçün AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) ilə danışarıq. Çalışarıq ki, sözügedən ərazidə hərəkətin təşkilində yaranan problemin müsbət həlli istiqamətində  addımlar atılsın və problem vətəndaşın xeyrinə həll olunsun”.

Ümid edirik ki, hər iki qurum yenidən bu məsələni ölçüb-biçəcək və problem, həqiqətən, vətəndaşın xeyrinə həll olunacaq. Həmçinin, ərazidəki nişanlanma xəttinin yaratdığı bu problemdən çıxış yolu kimi, əraziyə xüsusi texniki vasitələrin (kameranın) quraşdırılması və ya Yol Patrul Xidməti (YPX) əməkdaşlarının həmin ərazidə xidmətinin gücləndirilməsi seçilməyəcək. Çünki bu hal problemin həllinə deyil, vətəndaşın cərimələnməsinə xidmət edəcək.

Əzizə İsmayılova

4.0444068908691