Bakıda qadın azyaşlı qızına təcavüz etmək istəyən kişini bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi ər-arvad münasibətində olduğu kişini bıçaqlayan 1992-ci il təvəllüdlü S.Həmzəyevaya (şərti soyadlı) hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl yaşadığı evdə Amil adlı şəxsi bıçaqlayan qadın Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, S.Həmzəyeva bir neçə il əvvəl boşandıqdan sonra Amillə münasibət qurub və qeyri-rəsmi ər-arvad kimi arabir görüşərək yaşamağa başlayıb. Hadisə baş verən gün isə Amil qadını Binəqədi rayonu 7-ci mikrorayondakı mənzildə spirtli içki içməyə məcbur edib. Bundan sonra gecə saatlarında yuxuya gedən S.Həmzəyeva Amilin onun 9 yaşlı qızını qucaqlayaraq ona təcavüz etmək istədiyini görüb. O, otaqdakı bıçağı götürərək sevgilisinə hücum edib və ona ağır xəsarətlər yetirib. Qan içində ərazidəki marketin qarşısına çıxan Amil ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.
Məhkəmədə Amil onu bıçaqlayan qadından şikayətçi olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həmzəyevaya 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun himayəsindəki övladının 14 yaşına çatmasınadək hökmün icrası təxirə salınıb.