Fransalı jurnalist: “Azərbaycan xalqı seçkiyə inamla və uğurların davam edəcəyi arzusu ilə gedir”

Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brun secki-2024.az saytına Azərbaycanda bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisi ilə bağlı fikirlərini bölüşüb.

Baş redaktor xatırladıb ki, 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bötövlüyü təmin olunub:

“Separatçıların son sığınacağı olan Xankəndi şəhərini azad etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalına son qoydu, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi”.

Jan-Mişel Brunun sözlərinə görə, bundan sonra ölkə yeni bir dövrə qədəm qoyub ki, bu da yenilənmə zərurəti yaradıb:

“Yenilənmə prezident seçkisi ilə həyata keçirilməlidir. Bu, ərazilərin işğaldan azad edilməsi 30 il ərzində məcburi köçkün statusunda yaşamış yerli əhalinin həmin ərazilərə qayıdışına birbaşa işarədir. Bu nöqteyi-nəzərdən seçkinin keçirilməsi olduqca vacibdir. Çünki seçki ölkənin bütün regionlarının ərazilərini əhatə edəcək. 1993-cü ildə Qarabağ və Şərqi Zəngəzurdan qovulmuş keçmiş məcburi köçkünlər son tarixi hadisələrdən sonra Şuşa, Ağdam, Füzuliyə qayıdaraq azad edilmiş ərazilərdə keçirilən seçkidə iştirak edə biləcəklər. Eyni zamanda, Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da seçki məntəqələri yaradılıb. Ölkənin bütün ərazisində keçirilən ilk seçkinin prezident seçkisi olması, sözsüz ki, bütün Azərbaycan xalqı üçün güclü və misilsiz simvolik xarakter daşıyır”.

Jan-Mişel Brun əmin olduğunu bildirib ki, Azərbaycan xalqı seçkiyə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir:

“Hazırda Azərbaycan Avropa İttifaqı tərəfindən etibarlı enerji tərəfdaşı kimi tanınır, xüsusilə Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində “ağıllı” və resurslara qənaət edən şəhərlərin tikintisi hesabına iddialı enerji keçidi planı hazırlanır. Ən böyük qlobal tədbir olan COP29 ərəfəsində bu statusu qorumaq olduqca vacibdir”.

0.064788103103638