Makronun puç olan Ermənistan planı: Erməni mediası Fransanı ifşa edir - ŞƏRH + FOTO
Demokratiya, insan haqları, söz və mətbuat azadlığı adı altında dünyaya haqq-ədalət dərsi keçməyə cəhd göstərən Fransa riyakarcasına müstəqil dövlətlərin daxili işlərinə qarışır, münaqişələrə son qoymaq əvəzinə, onların alovlanmasına rəvac verir. Artıq əksəriyyət də etiraf edir ki, məhz indiki hakimiyyətin idarəçiliyi dövründə Fransa tarixinin ən biabırçı illərini yaşayır. Keçmiş müstəmləkələrindən biabırcasına qovulma, xarici siyasətdə yaşanan uğursuzluqlarla yanaşı, ölkə daxilində problemlər də pik həddə çatıb. Miqrantlarla bağlı sərt qanunların qəbulu, islamofobiya ilə yanaşı, antisemitizm halları pik həddə çatıb. Hökumətdə dalbadal aparılan dəyişikliklər də bunun tərkib hissəsidir.
Birtərəfli qaydada işğalçı Ermənistana dəstək isə Fransanın müasir siyasətinin əsl mahiyyətini göstərir. Prezident Emmanuel Makron hökuməti Parisin 30 ilə yaxın İrəvan və Bakı arasında münaqişənin nizamlanmasını nəzərdə tutan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmasını da bir kənara atıb. Əksinə, hər vəchlə iki ölkə arasında sülh sazişinin imzalanmasına qarşı çıxır, İrəvanı silahlandırır, anti-Azərbaycan qətnamələr, qərarlar və bəyanatlar qəbul edir.
Son hadisələr də onu deməyə əsas verir ki, Paris Cənubi Qafqazda sülh deyil, müharibə olmasında maraqlıdır. Məsələn, məhz E.Makronun təşəbbüsü ilə Azərbaycana qarşı bədnam qətnamə çıxaran Fransa Senatı erməni lobbisinin maraqlarının ifadəçisi olduğunu isbatladı.
Ötən gün də E.Makron növbəti dəfə pafoslu çıxışları ilə ermənilərin etimadını qazanmağa çalışıb. O, ölkəsinin Silahlı Qüvvələrinin şəxsi heyətinə illik müraciətində fəxrlə deyib ki, Ermənistana münasibətdə, ona dəstək verməklə tarixi seçim ediblər.
Prezidentin ardınca, yeni xarici işlər naziri Stefan Sejurne də diplomatik korpusa müraciətində Ermənistanın müdafiəsindən danışıb. O daha irəli gedərək bildirib ki, ölkəsi İrəvanı daimi, mütəmadi dəstəkləyəcək. Nazir “ədalətli, uzunmüddətli sülhün, qanuna və ərazi bütövlüyünə hörmətin, əhalinin tarixinə, mədəniyyətinə və hüquqlarına hörmət prinsiplərinin əsas götürüləcəyini” açıqlayıb.
Beləliklə, rəsmi Paris bu bəyanatlarla bir daha vasitəçilik missiyasının üstündən birdəfəlik xətt çəkmiş olub. Aydın olur ki, Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmaq, Ermənistanı dəstəkləmək cəhdləri sırf Yelisey sarayının maraqlarına əsaslanır.
Birincisi, Fransa bildirir ki, ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Elə olan təqdirdə niyə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı çirkin siyasət yeridir, Bakının separatizmə son qoyduğunu dilinə gətirmir? Əksinə, sülh çağırışları səsləndirən ölkəni hədəf alır. Bu da rəsmi Parisin əsl mahiyyətini ortaya qoyur.
İkincisi, XİN rəhbəri uzunmüddətli sülhdən dəm vurur, amma Ermənistanda revanşist qüvvələri dəstəkləyir, tərəflər arasında barışıq siyasətinə qarşı çıxır. Ümumiyyətlə, nazir ərazi bütövlüyünün təmin olunması dedikdə nə demək istəyir? Ermənistan belə, Azərbaycanın ərazi bütövlüyündən danışdığı halda, Paris ermənidən artıq erməni olmağa çalışır.
Üçüncüsü, insanların tarixinə, mədəniyyətinə və hüquqlarına hörmət prinsiplərinin əsas götürüləcəyini bəyan edir, amma 30 il hüquqları pozulan, soyqırımlarına məruz qalan, torpaqlarından qovulan azərbaycanlıları nəzərə almır. Budur Makron hökumətinin ikiüzlülüyü və riyakarlığı.
Lakin Paris saydığını saysın, görək Ermənistan mediası nələr yazır? Belə ki, son günlər erməni kütləvi informasiya vasitələrində Fransanın ünvanına sərt tənqidlərin sayı artıb. Bu da o anlama gəlir ki, Ermənistan artıq Parisin bölgəni fəlakətə sürükləmək siyasətindən təngə gəlib. Erməni mediasında anti-Fransa çıxışlarının sayının artması da təsadüfi deyil, əhalinin getdikcə daha geniş təbəqəsini əhatə etməyə başlayıb.
Beləliklə, Fransaya qarşı yönəlmiş çıxışların bəzisinə nəzər salaq. Bu ölkənin “Verelg” saytı E.Makronun yuxarıda qeyd etdiyimiz fikrini şərh etməyə çalışıb. “Fransa lideri Ermənistanla mövqelərin gücləndirilməsi və tarixi qərarlar qəbul etmişik” dedikdə nəyi nəzərdə tutub?” - deyə nəşr yazır. Bu, Parisin İrəvanla bağlı siyasətinin iflas olduğunu sübut edən ciddi etirafdır. Məqalədə daha sonra vurğulanır ki, İkinci Qarabağ müharibəsi və Azərbaycanın Qarabağda suverenliyini və ərazi bütövlüyünü bərpa edən zaman Paris nəyəsə nail ola bilmədi. “Etiraf etmək lazımdır ki, Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçi rol oynamaq cəhdləri nəticə verməyib”, - sayt yazıb. Gəlinən qənaət də ondan ibarətdir ki, ölkələrin daxili işlərinə qarışmaq siyasətinə son qoyulmalıdır. Ən əsası isə Parisin öz maraqlarını təmin etmək məqsədilə ermənilərdən istifadəsinə son qoymağın vaxtıdır.
Digər bir nəşr - “Qolos Armenii” - də bu məsələyə yer ayırıb və maraqlı arqumentlər gətirib. Nəşr Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana ünvanladığı son bəyanatı şərh edərək yazır ki, “Əgər Lavrov diplomat olmasaydı, Paşinyana belə deyərdi: “Hə, Vovayeviç, fransızlar sənə kömək etdilərmi?” Nəşr xatırladır ki, “Paşinyan məhz Moskvadan yan keçib fransızlara söykənməklə Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib”. Məqalədə vurğulanıb ki, məhz Fransa Qarabağ məsələsində Azərbaycana əvəzsiz dəstək göstərib. N.Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməsi də buraya daxildir. “Ermənistan əvəzində nə qazandı? Heç kimə lazım olmayan avropalı müşahidəçiləri, bir neçə zirehli döyüş maşınları və heç kimin üzərinə heç bir öhdəlik qoymayan Fransa Senatının qətnaməsini”.
Qeyd olunan faktları Fransanın Ermənistanla bağlı riyakarlığa söykənən siyasətinin iflasının başlanğıcı da adlandırmaq olar. İlk dəfədir ki, erməni cəmiyyəti Fransanın “erməni dəstəyi”nin əsl mahiyyətini ortaya qoyur. Bu faktları həm də Ermənistan cəmiyyətində erməni diasporuna qarşı nifrətin artması, ziddiyyətlərin güclənməsi kimi də qiymətləndirmək olar.
“Report” İnformasiya Agentliyi