Keçmiş məcburi köçkün: “Dörd yaşımda çətinliklə çıxdığım Füzuliyə indi övladlarımla qayıdıram”

“Füzulidən çıxanda mənim dörd yaşım vardı, anamla çox çətinliklə çıxmışdıq şəhərdən”.

Bunu Bakunews.media-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəqsanə Yaşar qızı Məmmədova deyib.

O bildirib ki, anası ilə çıxdığı doğma yurda övladları ilə qayıdır:

“Çox istəyərdim ki, anam da bu günləri görsün, amma ömrü vəfa etmədi. Bu gün anamsız, öz ailəmlə, övladlarımla qayıdıram doğma yurda. Bakıda Mərdəkan qəsəbəsində yaşayırdıq, şükür ki, bu gün artıq məcburi köçkün adı bizim üzərimizdən rəsmən götürülür. Artıq bizim gələcək planlarımız Füzuli ilə, oradakı evimizlə, həyatımızla, yaşamımızla bağlıdır. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 104 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 500 ailənin (1 854 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

0.055729866027832