Prezidentliyə namizəd Fuad Əliyev ATƏT missiyası ilə görüşdü
Prezidentliyə namizəd Fuad Əliyev 29 yanvar 2024-cü il tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası ilə görüşüb.
Missiya üzvləri Fuad Əliyevin seçki kampaniyasına hazırlığı və prosesin gedişatı, ölkədəki seçki qanunvericiliyi və namizədlər üçün ayrılmış resurslar, o cümlədən maliyyə resursları, onun seçkilərdə iştirakındakı əsas hədəfləri və məqsədi, ölkədəki insan haqlarının ümumi vəziyyəti, xüsusilə media və partiyalar haqqında qanunlara münasibəti ilə maraqlanıblar.
Öz növbəsində Fuad Əliyev seçki hazırlıqlarının ardıcıl şəkildə davam etdirildiyini bildirib. O, seçkilərə qatılmasının əsas səbəbləri, məqsədi, platforması haqqında məlumat verib, seçki mühiti, seçkilərə qatılan digər namizədlər, ATƏT-in hazırladığı müvafiq hesabat sənədlərinin tələbləri ilə bağlı missiya üzvlərinin suallarını cavablandırıb.
Görüşdə prezidentliyə namizəd Fuad Əliyevin səlahiyyətli nümayəndə Xəzər Teyyublu və vəkili Əhməd Rəhmanov iştirak ediblər.