Fransanın riyakarlığı: Səfir məğlub erməni ordusuna təsəlli verir - ŞƏRH + FOTO

Fransa Ermənistanla Azərbaycan arasında normallaşma, sülh prosesinə mane olmaq siyasətini davam etdirir.

ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmuş ölkənin tutduğu destruktiv mövqe Cənubi Qafqazda sülh təşəbbüslərinə, münasibətlərin normallaşdırılması prosesinə zərbə vurmaqdadır. Beynəlxalq hüquqa hörmət etməyən ölkə rəhbərliyi başda Prezident Emmanuel Makron olmaqla rəsmi İrəvanı militarizmə sürükləyir, revanşizmə rəvac verir. Azərbaycanofob Fransa hakimiyyəti populist bəyanatlar səsləndirir, Ermənistan cəmiyyətinə özünü “xilaskar qəhrəman” kimi sırımağa çalışır.

Bu ölkənin İrəvandakı səfiri Olivye Dekotini hökumətdən aldığı tapşırıq və əmrə uyğun fikirlər səsləndirir. O bildirib ki, Ermənistan öz suverenliyini və əhalisini qorumaq qabiliyyətində olmalıdır. Erməni ordusunun yaranmasının ildönümünə həsr olunan tədbirlərə qatılan diplomat bir sıra məsuliyyətsiz bəyanatlar verib. O iddia edib ki, Paris İrəvanla strateji yaxınlığı, eləcə də, onunla müdafiə münasibətlərini üzərinə götürür. Fransa nümayəndələri 44 günlük müharibə ilə tarixin ən böyük qələbələrindən birinə imza atan qalib Azərbaycan Ordusunun nəinki bir tədbirində iştirak edib, hətta onu təbrik belə etməyiblər. Əvəzində isə nəinki məğlub Ermənistanın ordusunun tədbirinə qatılır, hətta onun şəninə təriflər yağdırırlar.

Səfir son açıqlaması ilə bir daha təsdiq edib ki, Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib, ksenofob paylaşım və açıqlamalarla öz aləmində guya Azərbaycana mesaj göndərmək istəyib. Bu, diplomatın ilk qərəzli və ikili yanaşması deyil. O, bundan əvvəl də oxşar fikirlər söyləyib, bəyanatlar verib.

Əvvəla, şəninə tərif etdiyi ordu həmin ordudur ki, Azərbaycan onu 44 günlük müharibə ilə məhv edib, rəhbərlərini kapitulyasiyaya imza atmağa məcbur qoyub. Nəticədə Ermənistan ordusu vaxtilə havadarlarının köməyi ilə işğal etdiyi torpaqlardan biabırcasına qovuldu. Elə ölkəmizə qarşı apardıqları kampaniyalar da göstərir ki, hələ də özlərinə gələ bilməyiblər, reallıqlarla barışa bilmirlər.

İkincisi, Makron başda olmaqla Fransa hakimiyyəti hələ də anlamaq istəmir ki, erməni ordusunu nə qədər gücləndirməyə çalışsa da, səyləri nəticəsiz qalacaq. Bunun da kökündə ədalətsiz, işğalçı mövqe tutmaları dayanır. Tarixdən də hər kəsə bəllidir ki, bu prinsipləri əsas götürən ordu hər zaman məğlubiyyətə düçar olub.

Üçüncüsü, səfir və ona bu cür danışmaq səlahiyyəti verən E.Makron hökuməti Ermənistanın müdafiəsini öz üzərinə götürdüyünü iddia etməklə, əslində, aşağılayır. Belə ki, Fransa rəsmilərinin sözlərindən Ermənistanı müstəmləkə dövlət kimi gördükləri aydın olur. Görünən odur ki, keçmiş müstəmləkələrindən biabırcasına qovulan Paris İrəvanın timsalında özünə yeni koloniya tapıb.

Dördüncüsü, Fransa hər vəchlə Ermənistanla bağlı məkrli planını həyata keçirməyə, Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa, anti-Rusiya əhvali-ruhiyyədən yararlanmağa çalışır. Yəni Rusiya hərbi bazasının əvəzinə, oraya fransız hərbçilərin daxil olması üçün əlindən gələni əsirgəmir. Ermənistan da kor-koranə şəkildə bu təhlükəli planın reallaşmasına dəstək olur.

Beşincisi, artıq ermənilər özləri belə, etiraf edirlər ki, Fransa və yaxud digər ölkələrdən gələn dəstəyin onlar üçün heç bir əhəmiyyəti və yeri yoxdur. Fransalı səfirin Ermənistanın müdafiəsini öz üzərlərinə götürmələri ilə bağlı dedikləri gülüş doğurur. Ona görə də həm Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qaldırılan anti-Azərbaycan kampaniya, həm digər təşəbbüslər gecikmiş və mənasızdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağda keçmiş qondarma rejim darmadağın olunub, separatçılığın kökü kəsilib. Onların etdikləri, sadəcə, arxadan atılan daş effekti verir. İrəvan rəsmiləri də bəyan edirlər ki, revanşizmin təbliği nəticəsiz bir məsələdir. Azərbaycan Ordusu qüdrətinin pik həddindədir və regionda, bütövlükdə postsovet məkanında onunla rəqabət aparacaq ordu mövcud deyil.

Altıncısı, Fransa hələ də Ermənistanın baş naziri Nikol Paşinyan və digər dövlət rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığına reaksiya verməyib. Yelisey sarayı “ermənidən artıq erməni” olmaq kimi riyakar siyasətini davam etdirir. Görünür, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra iki ölkə arasında hər hansı bir insidentin yaşanmaması E.Makron hakimiyyətini ciddi narahat edir və hər vəchlə də bu vəziyyəti dəyişməyə çalışır.

Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub, etnik və dini təəssübkeşlik, azərbaycanofobiya, islamofobiya, şarlatanlıq artıq keçmişdə qalıb. Bəs İrəvan üçün çıxış yolu varmı? Əlbəttə, var. Bu yol da qonşularla mehriban münasibətlərin qurulmasından, işğalçı siyasətdən əl çəkilməsindən keçir. Ermənistanın nicatı da bundadır. Bu yol həm də erməni xalqının rifahı və çiçəklənməsi deməkdir.

“Report” İnformasiya Agentliyi

0.10893797874451