ABŞ-İran “müharibəsi”: Vaşinqtonun qisas planı, Tehranın ehtiyatlı mövqeyə keçidi - TƏHLİL

İran Qırmızı dənizdə husi hərəkatı vasitəsilə ABŞ-nin iqtisadi və strateji maraqlarını sıxışdırdıqdan sonra növbəti gülləni İordaniyada atdı. İordaniyanın şimal-şərqində ABŞ-nin bazasına pilotsuz təyyarə ilə edilən hücum üç amerikalı hərbçinin həyatına son qoydu ki, bu da Yaxın Şərqdə durulmayan sular fonunda iki rəqibin müharibə meydanını necə idarə edəcəyinə dair fikirləri gündəmə gətirir.

Hadisənin cari və perspektiv regional situasiya üçün rəngləri qaraltdığı şübhəsizdir, lakin ABŞ ilə İran arasındakı nisbi eskalasiya hekayəsinin Vaşinqton üçün hansı çətinlik yaratdığını təsvir etməkdə fayda var.

ABŞ Ukraynada müharibə başlayana qədər hesab edirdi ki, İranı və onu müdafiə edən qruplaşmaların ideyalarını, hərəkət trayektoriyalarını idarə edə bilər.

İllər boyu ABŞ-də İrandan, onun tərəfdaşlarından gələn təhdidlərin, xüsusilə də Tehranın regionda formalaşdırdığı təhlükələrin uğurla idarə olunduğuna inanırdılar. Çünki elə düşüncə hakim idi ki, ABŞ İrana döyüş meydanlarında vəkillik edən qüvvələrin zəifliklərini mütəmadi olaraq araşdıracaq və beləcə, mümkün eskalasiya nərdivanına nəzarəti həyata keçirəcək.

Lakin Ukraynadakı müharibənin geosiyasi və strateji zərbələrinin müşayiətində ABŞ-nin Rusiya ilə yanaşı, Çin və İranla da gərgin münasibətləri daha həssas müstəviyə çıxdı. İndi Vaşinqton üçün qırılmağa hazır olan ipin üstündə kəndirbazlıq etmək çətinləşir, hərçənd ki, ABŞ hələ də qlobal hegemoniyasındakı payını əhəmiyyətli şəkildə kiməsə ötürməyib.

Məsələdən doğan suallara ABŞ-nin müttəfiqləri, xüsusən, İsraillə fikir ayrılıqlarına düşməsinin işığında cavablar axtarmaq lazımdır.

Belə ki, ABŞ-nin rəqibi İrana alternativ hibrid müharibə taktikasına uyğun böyük güclə cavab verməməsi onun İsraillə regional təhlükəsizliklə əlaqədar yaranan mövqe haçalanması ilə düz mütənasibliyə malikdir.

Böyük bir ölçüdə ehtimal çıxarmaq mümkündür ki, İsrail ABŞ-ni əvvəlkitək kəşfiyyat məlumatları ilə təmin etmir.

Ən azından, ona görə belə qənaətə gəlmək mümkündür ki, əgər İran ABŞ-nin Yaxın Şərqdə mənzillənmiş qüvvələrini pərən-pərən etmək üçün nisbi effektivliyə yiyələnirsə, deməli, Vaşinqton kəşfiyyat məlumatlarında qıtlıqla üzləşib.

Hər halda, səbəblərindən asılı olmayaraq, görünən budur ki, Tehran ABŞ qüvvələrinin regiondan çıxarılmasını ümumi məqsədləri kontekstində qiymətləndirir və 2024-cü ili kritik fürsətlər ili kimi nəzərdən keçirir.

Bunun qlobal məqsədləri çox da ehtiva etməyən iki izahı var.

Birincisi, 2024-cü ilin martında İranda ali rəhbəri müəyyən edən Ekspert Məclisinə keçiriləcək seçkidən öncə ölkənin hərbi-siyasi və ruhani elitasında qızğın rəqabət gedir. Belə rəqabəti idarə etmək və sonda üstün imtiyazlarını davam etdirmək SEPAH üçün daxili-siyasi məqsədlər kateqoriyasında yer almaqdadır. SEPAH bu zaman Yaxın Şərqdə yüksələn anti-ABŞ əhvali-ruhiyyəsini emosionallaşdırmaqdan ötrü Vaşinqtonun strateji maraqlarına zərbə vuran ox üzərində fəaliyyətini davam etdirir və daxili auditoriyaya “qisas hekayələri”ni təlqin edir.

İkincisi, bu il ABŞ-də prezident seçkisi keçiriləcək ki, bu da İrana rəqibinin işinə müdaxilə etmək üçün boşluqları təqdim edir.

Üçüncü hekayə isə ABŞ-nin Yaxın Şərqdə zəifləməkdə olan maraqları fonunda regionda İran üzərindən yeni eskalasiya yaratmaq planları ilə əlaqəli görünə bilər. Məsələn, İrandakı seçki də ABŞ-nin ölkə daxilində siyasi prosesləri yönləndirməsinə şərait yaradır və regional çərçivələrə ölçü verir. Deməli, ABŞ yaxınmüddətli hədəf üçün İranın daxili orqanlarına fəsad vermək cəhdlərini regional məqsədinin aurasında tutur.

Sözsüz ki, İran proseslərin qlobal təsirlərini ABŞ-nin “qırmızı xətləri”nə əhəmiyyətli dərəcədə yaxınlaşdırmaq həddinə qədər inkişaf etdirsə, Vaşinqton adekvat cavab tədbirlərini strateji gündəliyinin prioritetlərinə gətirəcək.

Burada ABŞ ilə İran arasında real müharibə ehtimalı o qədər də güclü versiya kimi səslənmir, lakin regional münaqişələri şişirdən addım səslərini eşitmək olar.

Yəqin ki, ABŞ:

- İranın hədəflənmiş regional hərbi tədbirlərinə cavab olaraq Tehranın regiondakı donanmalarına qarşı aviazərbələr həyata keçirə bilər,

- İranın strateji obyektlərinə, o cümlədən neft emalı zavodlarına, hərbi zavodlarına, nüvə təsisatlarına qarşı hibrid müharibə taktikasında hücumlar edə bilər,

- İranın Suriyadakı imkanlarına strateji zərbələr vurmağı planlaşdıra bilər.

İrana ABŞ ilə genişmiqyaslı konfliktə girmək sərf etmir, buna görədir ki, Tehran Vaşinqtonun güclü zərbələr endirəcəyindən ehtiyatlanır.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaninin İraqa gedərək proksi qruplara ABŞ qüvvələrinə qarşı hərbi eskalasiyasını dayandırmaq təlimatını verməsi barədə informasiyalar bu versiyanı təsdiq edə bilər.

Ümumilikdə isə görünən budur ki, ABŞ ilə İran strateji maraqlar sistemində imkan tapan kimi bir-birinin həssas nöqtələrindən vurmağa davam edəcəklər.

Aqşin Kərimov

0.087837219238281