Fransalı generalın Qafqazdakı izləri: Paris Ermənistanı Azərbaycana qarşı təxribata hazırlayır - TƏHLİL + FOTO

Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyer Ermənistana səfər edib.

Parisin bununla nəyi hədəflədiyini izah etmək üçün Fransa Milli Jandarmasının fəaliyyət və funksiyasına nəzər yetirmək lazımdır.

Rəsmi Parisin Milli Jandarmadan tələb etdiyi funksiyalar tarixi ənənələrə söykənir. Çünki Fransa Milli Jandarması Fransanın ən qədim qurumlarından biridir və əsrlər boyu ölkənin təhlükəsizlik-hüquqi sferasına cavabdehlik daşıyan varisliyə malikdir.

Milli Jandarma hərbi əməliyyatlarda iştirak etmək üçün Daxili İşlər Nazirliyinin və Xarici Ərazilər Nazirliyinin, Silahlı Qüvvələr Nazirliyinin tabeliyində olan Fransa silahlı qüvvəsidir.

O, 2009-cu ildən Daxili İşlər Nazirliyinə tabe olmasına baxmayaraq, hərbi statusunu və missiyasını qoruyub-saxlayır.

Milli Jandarmanın ədliyyə, inzibati, hərbi və xarici missiyaları mövcuddur ki, bu da Fransanın ümumi maraqlarına, ambisiyalarına faktiki və hüquqi səlahiyyətlər təqdim edən vəzifələri icra edir.

Jandarmanın iki əsas bölməsi var: Departament Jandarması və Səyyar Jandarma. Birinci - məhkəmə və polis funksiyalarını yerinə yetirir və müvafiq olaraq xüsusi tapşırıqları olan ərazi məntəqələrinə bölünür.

İkinci isə məhkəmə işləri ilə məşğul olmur, o, polisləri gücləndirmək və ya xüsusi vəzifələri yerinə yetirmək üçün hərəkət edir.

Qurumun xaricdəki fəaliyyətinə gəlincə, o, Fransa qoşunları ilə yanaşı, bəzən xaricdə yerləşdirilir.

Deməli, Fransa indi Jandarmanın ümumi məqsəd və fəaliyyətlərini Cənubi Qafqaz trayektoriyasına daxil etməyə can atır. Bu, Parisin planetar və regional miqyaslar boyunca strateji maraqlarında yaranan böhranı tənzimləmək üçün endirmək istədiyi “zərbə”lərin bir hissəsidir.

Fransa Uilyam De Meyeri Ermənistana göndərməklə Cənubi Qafqaz orbiti üzrə iki mesajı çatdırır. Birincisi, Fransa ismarış verir ki, regionda olan ambisiyalı gündəliyini hər vəchlə Ermənistanın xeyrinə dəyişmək prioritetlərini saxlayıb.

İkincisi, Fransa göstərmək istəyir ki, regionda hərbiləşmiş obraz yaratmaq səviyyəsinə qədər getməyə hazırdır.

Bu, Ermənistana hərbi məsləhətlərin müşayiəti ilə davamını gətirə bilər, yəni böyük ehtimalla Paris:

- İrəvanı Azərbaycana qarşı revanşa hazırlamaq üçün onu hərbi-taktiki izahlarına inandırmağa çalışır,

- Regionda hərbi qüvvələr yerləşdirməklə rəqibləri, o cümlədən Azərbaycan və Türkiyə qarşısına çıxmaq istəyir,

- Düçar olduğu kəşfiyyat məğlubiyyətlərinin (Azərbaycanın Fransa kəşfiyyatını ifşa etməsi - red.) ağrısını azaltmaq üçün yeni həmlələr hazırlayır.

Təbii ki, Azərbaycan cavab olaraq öz sərhədlərini təhlükəsizlik strategiyasının ən yüksək tələbləri səviyyəsində gücləndirməlidir.

Çünki İrəvanın Fransaya arxalanıb hansısa qeyri-adekvat hərəkətlər edə biləcəyi istisna deyil. Buna görə də Azərbaycan sərhəddəki mümkün təxribatlara uyğun cavab reaksiyasını ölçmək hüququna yenidən baxa bilər. Azərbaycanın bu istiqamətdəki koordinatları müəyyən etməkdən ötrü strateji müttəfiqi Türkiyə ilə intensiv təhlükəsizlik məsləhətləşmələrinə başlayacağı da istisna deyil.

Məntiqlə, Fransanın regiondakı belə aktivliyi Ermənistanda hərbi bazası olan Rusiyanı, “İrəvan uğrunda” Azərbaycanla rəqabətə getmiş İranı da narahat etməlidir.

NƏTİCƏ:

Fransanın regionda bəzi təqdimat dəyişiklikləri və yeni sıralamasını Milli Jandarma generalının Ermənistana səfəri aydın izah edir;

Bütün bunlar Fransanın Cənubi Qafqaz üzrə militarizasiya siyasətinin göstəricisidir;

Fransız generalın Ermənistana səfəri rəsmi Parisin Cənubi Qafqazda militarizasiya siyasətinin aşkar göstəricisidir;

Qərb Fransanın timsalında Ermənistan vasitəsilə Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayır.

Aqşin Kərimov

0.059283018112183