ABŞ separatizm təhlükəsi qarşısındadır: Texas müstəqil olacaqmı? - FOTO
ABŞ ciddi daxili problemlə üzləşib. Ölkə telekanallarının bütün xəbər buraxılışları və ən çox oxunan nəşrlərinin gündəmi yalnız bir xəbərdir - Texasda baş verənlər.
“Kaspi” qəzetinin Texasda baş verənlərlə bağlı məqaləsində deyilir:
Ölkənin aparıcı ştatlarından biri dövlət sərhədlərini miqrantların kütləvi axınından qorumaq üçün müstəqil tədbirlər görməyə cəsarət edib. Əksəriyyət hesab edir ki, Birləşmiş Ştatlar bununla əlaqədar tarixinin ən problemli günlərini yaşayır. Hətta yerli media baş verənləri “kiçik vətəndaş müharibəsi” kimi də xarakterizə edib. Texasda separatçı əhval-ruhiyyənin artmasını 160 il əvvəl baş verən vətəndaş müharibəsi ilə eyniləşdirənlər də tapılıb. Məsələ ondadır ki, respublikaçıların üstünlük təşkil etdiyi Texasda miqrasiya problemləri ilə bağlı gərginlik günbəgün artır.
Ştatın qubernatoru Qreq Ebbotun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhədə 50 kilometrlik tikanlı məftildən sədd çəkilib. Bayden administrasiyası da bu qərardan Ali Məhkəməyə şikayət verib. Məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib. Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olmasını nəzərə alaraq onun işğala məruz qaldığını, problemləri özünün həll edəcəyini deyib. O bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır. Artıq ştatının rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı digər ştatlara daşıyıb. Prezident seçkiləri ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə səbəb olub. Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən respublikaçıların əlini gücləndirir. Keçmiş prezident, respublikaçıların əsas siması hesab olunan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib. O, bunu tarixin ən pis durumu kimi qiymətləndirib. Ölkənin 20-yə yaxın ştatı da Texasa dəstək verib.
ABŞ-də çoxları hesab edir ki, baş verənlər ölkə tarixinin ən böyük böhranıdır. Mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur və bu baxımdan hesab edilir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək tapıb-tapmayacağını qiymətləndirməyə çalışır. Bu çağırışlar hətta Böyük Britaniya Brexitinə bənzədilir və Texit də adlandırılır.
ABŞ-nin ən zəif nöqtəsi
Qeyd edək ki, qalmaqallı Texas ştatı ABŞ-nin ən zəif nöqtəsi, bir növ “Axilles dabanı” hesab edilir. Proseslərin ölkənin parçalanmasına gətirib çıxaracağı bir qədər şübhəli olsa da, artıq ilkin əlamətlər var. Texasda baş verənlər ABŞ üçün domino effekti yarada bilər. Yəni Texasın ardınca Kaliforniya, Alyaska və Havay kimi ştatlar da mərkəzi hakimiyyətin nəzarətindən çıxmaq yolu tuta bilərlər. Bundan başqa, cənub ştatlarının 160 il öncə olduğu kimi, Amerika Konfederativ Dövlətləri adı altında ayrılması ehtimalı da mümkündür.
Texas ABŞ üçün iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir. Ştat ölkənin neft hasilatının 40 faizini və 1.9 trilyon dollarlıq dünyanın 9-cu ən böyük iqtisadiyyatını təmsil edir.
Məşhur amerikalı sosioloq Samuel Hantinqton hələ 2000-ci illərin əvvəllərində yazırdı ki, “miqrasiya dalğaları və Amerika xalqlarının “ərimə qazanı”nın içinə düşməsinə görə, XXI əsrin ortalarında Texas da daxil olmaqla ABŞ-nin bütün cənub ştatları Meksikaya, şimal ştatları isə Kanadaya birləşə bilər”.
Ştatların ayrılmaq hüququ var, amma...
XIX əsr vətəndaş müharibəsindən sonra ABŞ Ali Məhkəməsi ştatların birtərəfli qaydada İttifaqdan ayrıla bilməyəcəyinə dair qərar verib. Bəs federativ dövlət olan ABŞ-də ştatlar ayrıla bilərmi? Düzdür, ştatların belə bir hüququ var, amma indiyə qədər belə presedent olmayıb. Onu da qeyd edək ki, Texas indiyədək beynəlxalq səviyyədə tanınmış və ABŞ-nin tərkibinə birbaşa ştat kimi qəbul edilmiş ilk və yeganə müstəqil dövlətdir. Birləşmə zamanı Texasa özəl şərtlər təklif edilib. Ştatın bütün torpaqlarının onun xalqına məxsus olduğu xüsusi vurğulanıb.
Nə əkərsən, onu da biçərsən
Göründüyü kimi, dünyanın müxtəlif yerlərində separatizmi dəstəkləyən ABŞ bu dəfə özü eyni təhlükə qarşısında qalıb. Necə deyərlər, ölkə uzun illərdir başqalarına qazdığı quyuya artıq özü düşmək üzrədir. Prezident seçkiləri öncəsi belə bir vəziyyətin yaranması hazırkı prezident Co Bayden üçün ürəkaçan mənzərə olmasa da, əsas rəqibi Trampın mövqeyinin güclənməsinə səbəb olacaq. Xatırladaq ki, sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər noyabrın 5-də keçiriləcək. Məlumdur ki, ABŞ uzun illər Azərbaycanda mövcud olmuş erməni separatçı rejimi dəstəkləyən ölkələrdən biri olub, hətta onlara yüksək kürsülərdən danışmaq, fikir söyləmək imkanı verib. Bir ovuc erməninin Qarabağda öz müqəddəratını təyin etmək hüququndan tez-tez dəm vuran rəsmi Vaşinqtonun indi belə mənzərə qarşısında özünü necə aparacağı çox maraqlı olacaq.