“Əl Cəzirə” qəzeti Azərbaycanda keçiriləcək prezident seçkisindən yazıb

Ər-Riyadda nəşr olunan “Əl Cəzirə” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkisi haqqında məqaləsi dərc olunub.

Secki-2024.az saytı xəbər verir ki, məqalədə prezident seçkisinin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başlatdığı və 44 gün davam edən müharibədə Qələbəsi və ötən il aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan Xankəndində Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm hadisələrdən sonra təşkil edildiyi vurğulanır.

Müəllif yazır ki, prezident seçkisində 7 namizəd, o cümlədən müxalifətin nümayəndələri iştirak edəcəklər.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkisinə hazırlıqla bağlı səfirliklərə plan təqdim edib və ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görülüb. Belə ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən 18 yaşına çatmış, ölkədən kənarda yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan vətəndaşların adlarının olduğu seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Məqalənin sonunda vurğulanıb: “Prezident seçkisi Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, onun ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyi şəraitdə keçiriləcək”.

0.095996141433716