Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir” - FOTO

“Azərbaycanda seçki modern texnologiyaların tətbiqi ilə keçirilir. Mənim ölkəm Laosda hələ də köhnə qaydalar tətbiq olunur. Şəffaf mürəkkəblərdən istifadə, onun izinin xüsusi qurğu ilə yoxlanılması mənim üçün yenilik oldu”.

Bunu APA-ya “The ASEAN lnterParlamentary Assembly”nin nümayəndə heyətinin rəhbəri Sanya Praseut Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edərkən deyib.

Qeyd edək ki, sözügedən təşkilatı təmsil edən üçnəfərlik qrup Laosdan gəlib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən xarici nümayəndələr seçki prosesinin qanunlara uyğun şəkildə keçirilməsindən məmnunluq duyduqlarını bildiriblər.

“Azərbaycan xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir. Onlar öz gələcəklərinə səs verirlər. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar çox pozitivdirlər, seçkidə ürəklə iştirak etmələri hiss olunur. Hələlik hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm”, - söyləyən nümayəndə heyətinin rəhbəri ilk dəfədir, xarici ölkədə müşahidəçi kimi iştirak etdiyini də əlavə edib.

O bildirib ki, bu onun Azərbaycana ilk səfəridir.

0.059424877166748