NEWS.ru: “Seçki məntəqələrində növbələr müşahidə olunub”

Rusiyanın populyar NEWS.ru portalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb.

Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov portala bildirib ki, ölkədə növbədənkənar prezident seçkisində səs vermək istəyənlərin sayı çox olduğuna görə Azərbaycan sakinləri seçki məntəqələrində növbəyə dayanıblar.

Onun sözlərinə görə, özü səs vermək üçün bir saat növbə gözləyib. Eyni zamanda, Cavadov vurğulayıb ki, seçicilərin çoxluğu Mərkəzi Seçki Komissiyası üçün gözlənilən olub.

“Biz böyük seçici axını gözləyirdik. Məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Mən şəxsən səs vermək üçün bir saata yaxın növbədə durmuşam”, - deyə Azərbaycan MSK-nın üzvü deyib.

Cavadov onu da vurğulayıb ki, Azərbaycanda ümumilikdə 6,4 milyona yaxın seçici var, onların 70 faizi artıq seçkidə səs verib. Onun fikrincə, bu, respublika üçün yaxşı göstəricidir.

Məqalədə qeyd olunub ki, bu il Qarabağda ilk dəfə seçki keçirilir. Bölgədə 22 mindən çox insanın səs verə biləcəyi 26 seçki məntəqəsi fəaliyyət göstərir.

0.059418916702271