Valeri Belski: “AŞPA başqa dövlətlərin keçirdikləri seçki prosesinə fikir bildirir, ağıl öyrətmək istəyir”
Belarus Parlamenti Respublika Şurasının üzvləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.
Bakunews.media-ın məlumatına görə, şuranın sədr müavini Valeri Belski bildirib ki, Azərbaycan dövləti hər zaman xoşməramlı qonşuluq münasibətlərinə və xalqlararası dostluq və əməkdaşlığa önəm verib:
“Bəzi dövlətlər Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirsələr də, biz bu fikirlərlə razılaşmırıq. Hesab edirəm ki, bu qələbə xalqın iradəsinin qələbəsidir”.
V.Belski qeyd edib ki, Qarabağda iki seçki məntəqəsində olublar:
“Seçki şəffaf keçirilib. Qarabağın dirçəlməsi və yenidən qurulması prosesində iştirak edənlərin seçkidə iştirakını xüsusilə vurğulamaq istəyirəm. Onlar səs verdikdən dərhal sonra öz işlərinə - Qarabağın bərpasına qayıdırdılar ki, bu da nəzərimizdən qaçmadı”.
V.Belski vurğulayıb ki, AŞPA başqa dövlətlərə, onların keçirdikləri seçki prosesinə fikir bildirir, onlara ağıl öyrətmək istəyir:
“Hesab edirlər ki, buna haqları var. Mən həmin insanları Azərbaycana dəvət edirəm”.
İlhamə Əbülfət