Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi

Bakı Metropolitenində sərnişinin telefonunu oğurlayan şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, oğurluğu törətməkdə təqsirləndirilən 15 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Əliyev saxlanılıb.

O, ötən ilin noyabr ayında metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyası istiqamətinə hərəkət edən qatarda Gülər (şərti) adlı sərnişinin cibindən “BakıKart” ictimai nəqliyyat ödəniş kartını və “Xiaomi Redmi Note” markalı mobil telefonu oğurlayıb.

Vüqar Əliyev oğurladığı telefonu format etdikdən sonra özü işlətməyə başlayıb. Aparılan araşdırma zamanı telefonun yeri müəyyənləşdirilib və Vüqar Əliyev hadisəni törətdiyini etiraf edib.

Məhkəmənin qərarı ilə əvvəllər məhkum olunmuş Vüqar Əliyev Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

0.070549011230469