İsrailli sabiq polkovnik-leytenant Azərbaycana ehtiramını bildirdi
“Biz Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə heyranlığımızı və ehtiramımızı bildirməliyik”.
Bu fikirləri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazıb.
“Xaricdə antisemitizmə göz yummayın!” sərlövhəli məqalədə antisemit xarakterli zorakılıq hadisələrinin 46%-nin ABŞ-da, sonra Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya və digər ölkələrdə baş verdiyi, İsrailin Diaspor İşləri Nazirliyinin müvafiq hesabatına istinadən 2023-cü ildə dünyada bi qəbildən olan hadisələrin sayının əvvəlki il ilə müqayisədə 235% artdığı diqqətə çatdırılıb.
Məsələ ilə əlaqədar Ermənistanı xüsusi vurğulayan müəllif qeyd edib ki, cərəyan edən hadisələrin fonunda bir qrup erməni gənci İkinci Dünya müharibəsi zamanı etnik erməniləri nasist kəşfiyyat xidmətlərinə cəlb edən və Hitler rejimi ilə əməkdaşlıq edən Qaregin Njdenin şərəfinə İrəvanda ucaldılmış abidəni ziyarət edərək faşist şüarlar səsləndirib. Bu hadisə Ermənistandakı yeganə sinaqoqu yanğına məruz qoyma hərəkətlərindən sonra baş verib. Belə ki, 7 oktyabr qırğınından sonra HƏMAS və “Hizbullah”ı dəstəkləyən erməni terror təşkilatı ASALA son iki yanğının arxasında dayandığını etiraf etməklə yanaşı, bütün dünyada ravvinlərə və israillilərə hücum edəcəyi ilə hədələyib.
İsrailli professor yazısında tanınmış erməni politoloq Vladimir Poqosyana da istinad edib: “Yəhudilərin yaşamaq hüququ yoxdur, bu çaqqallar tamamilə məhv edilməlidir. Mən bunu bütün həyatını kəşfiyyata sərf etmiş, sizin MOSSAD səviyyəsində və hətta daha yüksək səviyyədə əməliyyatlar aparmış biri kimi deyirəm. İsrailin bəxti gətirib ki, mən nə HƏMAS-a, nə də “Hizbullah”a kömək etmişəm. Əgər mənim zəkam HƏMAS və ya “Hizbullah” üçün işləsəydi, bu iş, sadəcə, 1000 adamın oldürülməsi ilə bitməzdi. Mən sizin bütün xalqınızı məhv etməyi ən yüksək ədalət aktı hesab edirəm”.
İsrail xalqını daxildə müharibə edərkən xaricdə baş verən antisemitizm təzahürlərinə göz yummamağa çağıran müəllif yəhudi diasporunu yerli yəhudi icmalarını qorumaq üçün ABŞ, Fransa, Böyük Britaniya, Ermənistan və antisemitizm səviyyəsi yüksək olan digər ölkələrə siyasi təzyiq göstərməyə səsləyib. Məqalənin sonunda israilli politoloq yəhudi xalqının Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə öz heyranlığını və ehtiramını bildirməsinin vacibliyini xatırladıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: