Casus “azmış alpinist”ə çevrilir: Sərhəddə ələ keçən Çexiya vətəndaşının izi ilə... - FOTO/VİDEO
Fevralın 3-də Ermənistanla şərti sərhəddə Azərbaycan ərazisinə keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb.
Caliber.Az xəbər verir ki, onun şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçə bilməsi maraq doğurur.
Hələ o zaman şübhə yaranıb ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsi ola bilər və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışır. Üstəlik, Ermənistan tərəfdəki şərti sərhəddə artıq Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərir.
Fevralın 5-də Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşının saxlandığını təsdiqləyib və Çexiyanın Bakıdakı səfirliyinin nümayəndələrinin onunla görüşmək istədiyini bildirib.
Bu arada, məlumata görə, Çexiya vətəndaşı D.B. (bəlli səbəblərdən adı açıqlanmır) Laçın rayonu istiqamətində saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, D.B. güclü bədən quruluşlu, orta yaşlı rusdilli kişi olmaqla, özünü alpinist kimi təqdim etdi. O, Qarakilsə (Sisian) istiqamətindən hərəkət etdiyini və ərazidə azdığını bildirib.
Lakin Çexiya vətəndaşının saxlandığı yerdən Qarakilsə kəndinə qədər olan məsafə 13-15 kilometrdir. Bundan başqa, bu istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin bir neçə postu yerləşir və hər iki istiqamətdə mövqelər arasında minalanmış sahələr var.
D. B.-nin dediyinə görə, onun 37 yaşı var, subaydır və alpinizmlə məşğuldur. Onun sözlərinə görə, bu məqsədlə Meksika, Tayland, İndoneziya, Türkiyə, İtaliya, Fransa və Kolumbiyaya səfər edib. Həmin şəxs İrəvana təyyarə ilə gəlib, iki gün sonra isə Qafan rayonuna gedib. Daha sonra Ermənistan paytaxtına qayıtmaq qərarına gəlib. Lakin avtomobildən və ya digər nəqliyyat növündən istifadə etmək əvəzinə, D.B. nədənsə on kilometrlərlə uzaqda olan Qarakilsəyə piyada getməyə qərar verib.
Döyüş növbətçiliyində olan hərbçi onu görüb və vəzifədəki baş zabitə məlumat verib. D.B aşkarlandıqdan sonra əllərini qaldıraraq mövqeyimizə yaxınlaşıb. Azərbaycan hərbçiləri onun paltarını və bel çantasını yoxlayıblar. Çantanın içərisindən iki pasport, mobil telefon, şarj cihazı, dırmaşma ipi, gün eynəyi, tibbi eynək və təbii ki, peşəkar fotoaparat tapıblar.
D.B.-nin versiyasında əlavə suallar doğuran müəyyən uyğunsuzluqlar var. Birincisi, yeni ölkəyə, daha çox sərhədyanı ərazilərdə yerləşən bölgələrə getməzdən əvvəl, heç olmasa, sərhəd təhlükəsizliyinin vəziyyəti ilə əvvəlcədən tanış olmaq məntiqlidir. Üstəlik, Ermənistandakı bir çox Avropa səfirlikləri Ermənistan-Azərbaycan şərti sərhədinə səfərin arzuolunmazlığı ilə bağlı dəfələrlə müvafiq göstərişlər dərc ediblər.
İkincisi, “alpinist” bu qədər erməni postundan necə xəbərsiz keçib? Bu, xüsusi hazırlıq olmadan mümkün deyil. Bəs o minalanmış sahələr? O sahələrə elə həmin ərazilərdə yaşayan çobanlar belə yaxınlaşmağa qorxarlar.
Üçüncüsü, “təcrübəli alpinistin” yanında niyə kompas yox idi? Uzun illər “dağadırmanma” ilə məşğul olan birisi üçün bu, inandırıcı deyil.
D.B.-nin versiyasına şübhə kölgəsi salan daha bir məqam: O, Qafan rayonuna səfər edib. Ötən ilin avqustundan Aİ kəşfiyyat və müşahidə missiyasının ofislərindən biri məhz burada fəaliyyət göstərir.