İki həftə əvvəl partlayan qazanxanaya görə 100-dən çox uşaq soyuqda qaldı - FOTO/VİDEO

Fevralın 6-da Yasamal rayonu, İnşaatçılar prospekti, 11B ünvanında yerləşən qazanxanada baş vermiş sonra uşaq bağçasına istilik verilmir.

Bu barədə Bakunews.media-a övladları Yasamalda yerləşən 11 saylı uşaq bağçasına gedən valideynlər bildiriblər.

Valideyn Firuzə Əhmədova deyir ki, bağçada 120 uşaq təhsilini soyuqda davam etdirir:

“Azəristiliktəchizat” ASC-dən deyirlər ki, bu mövsüm partlayış baş verən əraziyə istilik verilməsi olmaya bilər. Uşaqlar soyuqda necə getsinlər bağçaya?!”

Məsələ barədə “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.

ASC-nin mətbuat katibi Elvin Basqallı Bakunews.media-a açıqlamasında bildirib ki, hazırda partlayış baş verən qazanxanada ilkin araşdırma və ekspertiza işləri aparılır:

“Qazanxananın balansında bir uşaq bağçası və bir neçə bina var. Ekspertizanın rəyinin nəticəsindən asılı olaraq tədbirlər görüləcək”.

Qeyd edək ki, fevralın 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayışın baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub.

Eyni zamanda, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) yanıq xəsarətləri alıb.

İlhamə Əbülfət

0.15222001075745