“Report” və Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi Əməkdaşlıq Memorandumu imzalayıb

“Report” Müstəqil İnformasiya Agentliyi ilə Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə dair tematik araşdırmaların aparılması, həmçinin Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əldə olunan nailiyyətləri əks etdirən, planetin yaşıl gələcəyi üçün təhsilin əhəmiyyətindən bəhs edən COP üzrə birgə xəbərlərin hazırlanması, seminarların təşkili və s. barədə birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Bu sənədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və Dayanıqlılıq və İqlim üzrə Mərkəzin təsisçi direktoru, professor Məhəmməd Nurunnabi imza atıblar.

“Report” İnformasiya Agentliyi 2014-cü ildən fəaliyyətə başlayıb. Müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzi isə institusional resursların səmərəli idarə edilməsi, innovativ tədris və araşdırma, tədqiqat, milli və beynəlxalq tərəfdaşlıq, davamlı maarifləndirmə və təbliğat vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir.

Bu mərkəz “Saudi Green Initiative”, “Saudi Vision 2030” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də töhfə vermək niyyətindədir.

0.094903945922852