“PubG” oyununa görə gənci bıçaqlayan şəxs hökmdən narazıdır

Qəsdən sağlamlığa ağır zərər vurma və oğurluqda təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 27-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, 2003-cü il təvəllüdlü İlkin Zülfüqarov 25 dekabr 2021-ci il tarixində, saat 02:40 radələrində ticarət köşkünə gizlin daxil olaraq, oradan 3250 manatlıq oğurluq edib.

Onun digər cinayət əməli isə 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında qeydə alınıb.

Belə ki, İlkin Zülfüqarov 1999-cu il təvəllüdlü Rəvan Məmmədovu bıçaqlayıb. Qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisə “PubG” oyunu üstündə baş verib. 

Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

0.080950975418091