Nihat Hatipoğlu: “İnsanlar qəddarlaşıblar, xəstəlik onları pozub” - EKSKLÜZİV MÜSAHİBƏ + FOTO

“Təəssüf ki, insanlar qəddarlaşıblar. İslam əxlaqı yaşanmır. Xəstəliklər insanları pozub. Dərmanlar kimyamızı dəyişib”.

Bunu Bakunews.media-a müsahibəsində türkiyəli ilahiyyatçı Nihat Hatipoğlu deyib. İlahiyyatçı ilə Bakıda təşkil olunan konfrans ərəfəsində görüşdük. Onunla müsahibəni təqdim edirik:

- Nihat bəy, müsahibə təklifini qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Bakıya ilk dəfədirmi gəlirsiniz? Ramazana da sayılı günlər qalır. Bu ərəfədə səfəriniz, yəqin ki, təsadüfi deyil.

- Bakıda daha öncə də olmuşam. Bir-iki məsələ var, bunlarla bağlı gəlmişəm. Bakını, demək olar ki, tanıyıram. Bura çox soyuqdur, bir qədər küləklidir. Həmişə küləkli olur, məncə.

Bakıdakı konfransın Ramazana təsadüf etməsi də gözəl oldu. İştirakçılar da bu təsadüfə şaddırlar. Dinimiz, peyğəmbərimiz ilə bağlı məlumatlar verəcəyik. Faydalı olacaq.

- İştirakçılara nə kimi tövsiyələr verəcəksiniz?

- Türkiyədə proqramlarımda da peyğəmbərimizlə bağlı hədislərdən danışıram. Konfranslarda bir-birimizi sevməyin vacibliyindən danışıram. Tolerantlıq göstərməyin niyə gərəkli olduğunu izah edirəm. Dini bilgilər verir, sualları cavablandırıram.

- Bəzən dini insanları idarə etmək üçün ən güclü alət hesab edirlər. Bu fikirlə razısınızmı?

- Dinin əxlaqında deyilir ki, yalan danışma, yetim haqqı yemə, məzluma pis baxma. Qurani-Kərim və peyğəmbərimizin sözlərindən hər kəs yararlanmalıdır. Dinə az və ya çox inananlar da sevgili Qurani-Kərimimiz və peyğəmbərimizə möhtacdırlar. Onlardan hər kəs faydalanmalıdır.

- Qurani-Kərimdə buyurulub ki, Allah bağışlayandır. İlahiyyatçı kimi, necə düşünürsünüz, əgər Allah bağışlayandırsa, cənnət və cəhənnəm anlayışları necə izah olunmalıdır?

- Cəhənnəm pis insanlar üçün ürküdücüdür. Cəhənnəm yaxşı insanlar üçün deyil. Biri insanı və ya heyvanı öldürür, cinayət işlədirsə, cəhənnəmi düşünməlidir. Cəhənnəmə pis olmayan insan düşmür. Qurani-Kərim həmişə qarşımıza iki zidd qütbü qoyur: aydınlıq-qaranlıq, yaxşı-pis, cənnət-cəhənnəm, mələk-şeytan. Bunları önümüzə qoyur ki, biz doğru olanı seçək.

- Qiyamət günü bizə hansı suallar veriləcək və ya həmin günü təsvir edəcək ayələr varmı?

- Ayələr, təbii ki, var. Bu barədə çox uzun danışmaq olar. Qiyamət günü hər şey ortaya çıxacaq. İnsan zərrə qədər yaxşılıq və pislik edibsə, qarşısına çıxacaq. Qarşılığını görəcək. Biz cənnət sevdası, yaxud cəhənnəm qorxusuna görə yox, Allah bizi sevsin deyə yaxşılıq etməliyik. İnsanları xoşbəxt etməyə çalışmalıyıq.

- Son zamanlar cinayət hadisələri artıb. Nə düşünürsünüz, insanlar qəddarlaşıblar?

- Bəli, insanlar qəddarlaşıblar. Təəssüf ki, islam əxlaqı yaşanmır. Xəstəliklər insanları pozub. Kimyamızı dəyişib. İnsanlar yalnızlığı seçirlər. Yalnızlıq Allaha məxsusdur. Yaxınlarda bir statistik məlumat oxudum: beş-altı min insan tək yaşamağı seçir. Bunlar hamısı dərman və xəstəliklərin təsiridir.

-  Kişilər qadına, qadınlar kişiyə çevrilmək üçün tibbin imkanlarından istifadə edirlər. Nihat bəy, cinsi dəyişdirmək islamda yolveriləndirmi? Bu məsələyə necə baxılır?

- Allah qadını qadın, kişini kişi olaraq yaradıbsa, elə də qalmalıdır. Bir-birlərini tamamlamalıdırlar. Hər bir atılan addımın öz cəzası var. Cəzanı Allah bilər.

- Namaz qılıb, sonra qılmamaq nə dərəcədə günahdır?

- Gözəl əməllər davamlı və daimi olmalıdır. Peyğəmbərimiz deyir ki, “ən gözəl əməl, az olsa da, daimi olandır”. Davam etməliyik. Əskiklərimizi Allah tamamlayar.

- Müsəlman birinin inancı olmayan başqa birini dinə yönləndirmək kimi məcburiyyəti varmı?

- Bəli, var. Bizə görə, müsəlman olan cəhənnəmdən özünü qurtarar. Cəhənnəmdən azad olar. Müsəlman bu gözəlliyi yaymalıdır. Şiddətlə və zorla yox. Digər dinlərə toxunmadan, gözəlliklə etməlidir. Dinin gözəlliyindən danışaraq insanlara çağırış etməlidir.

- Dəhşətli bir qətl törətmiş şəxsin mühakiməsi bütün insanlar tərəfindən maraqla qarşılanır. Azərbaycanda yaxın vaxtlarda baş vermiş dəhşətli hadisə də bu qəbildəndir. Qətli törətmiş şəxsin əqli vəziyyəti normal deyil, şizofreniya əlamətlərinə sahibdir. Qanunla bu cür əməllərin cəzası təxminən bəllidir. Bəs şəriətlə mühakimə olunsa, bu şəxsin cəzası necə olardı?

- Cinayət işləyən cəzasını mütləq almalıdır. Qurani-Kərimdə qisas əmri var. Təbii ki, cinayətkarın cəzasını dövlət verir. Lakin Qurani-Kərimdə deyilir ki: “Kim bir müsəlmanı bilərək öldürübsə, əbədi olaraq  cəhənnəmdə qalır”. Allah bizi onlardan etməsin. Hər zaman sülh və salamatlıq olsun!

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

0.059557914733887