Keçən il beş nəfər ağır xəstəliyə görə azadlığa buraxılıb

Keçən il beş nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.

“Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, həmin müddət ərzində məhkumların əmək hüquqlarının təmini ilə bağlı Ombudsmanın təklifləri nəzərə alınaraq, ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı 2,7% artmış və bununla da 4.802 nəfər təşkil etmiş, eyni zamanda penitensiar müəssisələrdə 40 yeni iş yeri yaradılıb.

Bildirilib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məsələlər üzrə Ombudsmanın əvvəlki illərdə olduğu kimi, ötən il də təklifləri nəzərə alınaraq, 4204 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 72 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 5 nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.

Həmçinin, ötən il alternativ qətimkan tədbirləri tətbiq edilərək, 1500-dən çox həbs edilmiş şəxs barəsində qətimkan tədbiri digər qətimkan tədbirləri ilə əvəz edilib və ya qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslarla həbsdən azad ediliblər.

0.059638023376465