ÜHST-nin Elm Komissiyası heyvanların taunu xəstəliyindən ölkəmizin azadolma statusunu təsdiq edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına 2024-cü ilin 12-16 fevral tarixlərində təşkilatın Elm Komissiyasının iclasında baxılıb. İclasda “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınmasına dair müraciəti nəzərə alınaraq, üzv dövlətlərin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi statusunun qiymətləndirilməsi üzrə xüsusi qrupu tərəfindən sözügedən hesabat təsdiq edilib.
Agentliyə ÜHST-nin baş direktorunun imzası ilə daxil olan məktuba əsasən, Elm Komissiyası ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verdiyi qənaətinə gəlmiş və cari ilin may ayında Paris şəhərində keçiriləcək ÜHST Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında statusun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim olunacağı bildirilib.
Qeyd edək ki, sözügedən xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür ki, bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır. Digər tərəfdən isə xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını genişləndirəcək.