Qanunsuz balıq ovlayanlar saxlanılıblar
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında, Xəzər dənizinin Xızı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Anar Musayev, Siyəzən rayonu Yenikənd kənd sakini Nicat Əliyev, Xızı rayonu Şuraabad kənd sakini Vüqar Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş 80 metr uzunluğunda bir ədəd sintetik tor götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 1700 manat məbləğində cərimə tətbiq olunub.
Eyni zamanda, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından 850 metr uzunluğunda 14 ədəd sintetik tor aşkar edilərək götürülüb.