Bitki çayı içərkən bunlara diqqət edin

Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir. Bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər bir ekspertlə məsləhətləşmədən istifadə edilməməlidir.

Yaşıl çay

Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolestrin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.

Çobanyastığı çayı

Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizma, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stresi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihablarının müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.

Razyana çayı

Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırır, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.

Gicitkən çayı

Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.

Sürvə yarpağı çayı (Şalfey)

Latıncadan tərcümədə “sağaltmaq” deməkdir. Zərərli toksinləri bədəndən atır, beyin funksiyalarını inkişaf etdirir və bronxit, astma xəstəliklərinin simptomlarını zəiflədir. Qaraciyəri təmizləyir, sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. 

Məkkəgülü çiçəyi

Tərkibində yüksək miqdarda C vitamini olan kafeinsiz məkkəgülü çiçəyi (hibiskus) çayı immuniteti gücləndirir. II tip diyabetlərdə qan təzyiqini aşağı salmağa kömək edir. Antioksidantdır, xolestrini aşağı salır, mədə xərçənginin yaranmasının qarşısını alır. Piylənmənin qarşısını alır. Susuzluğu yatırır.

Kəklikotu çayı

Təxminən bir-birindən müxtəlif 350 növü olan kəklikotu çayı güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaralarını sağaldır, dişəti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.

0.059067964553833