Azərbaycanın üç yunan-Roma güləşçisi dünya reytinqinin ilk “onluğ”unda

Yunan-Roma güləşçilərinin reytinqi açıqlanıb.

Bakunews.media xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdən sonra Azərbaycanın üç güləşçisi ilk “onluq”da yer alıb.

Bunlar Eldəniz Əzizli, Sənan Süleymanov və Rafiq Hüseynovdur. Dünya və Avropa çempionumuz Eldəniz Əzizli 55 kq çəki dərəcəsində yaponiyalı Sota Oqava ilə birgə 23 xala malikdir. O, asiyalı rəqibi ilə 4-5-ci yerləri bölüşür.

Ötən il 23 yaşadək güləşçilərin dünya çempionatının gümüş medalını qazanmış Sənan Süleymanov 72 kq-da səkkizinci sıradadır. Onun 16 xalı var.

Avropa çempionumuz, ötən ilin dünya ikincisi Rafiq Hüseynov ən yuxarı pillədə olan güləşçimizdir. O, 82 kq-da 40 xalla ikincidir.

Onu da bildirək ki, bu çəkilərin heç biri Olimpiya çəkiləri sayılmır.

Xatırladaq ki, ötən günlərdə açıqlanan siyahıda sərbəst güləşçilərimizdən dördü, qadın güləşçilərimizdən isə üçü reytinqdə ilk “onluq”da yer almışdı.

Səbuhi Musayev

0.34041595458984