Bir-birinin “kimsə”si olan kimsəsizlər: “Onunla evlənənə kimi ailə nədir, bilməmişəm” - REPORTAJ + FOTO

Belə bir deyim var ki, ailəsini tanıyandan sonra tərk edilən uşaqlar gecələr ağlamadan yatmırlar. Çünki hər uşaq ana qucağı, ata nəvazişi ilə böyümək istəyir. Bu, hər bir uşağın haqqı deyilmi? Əlbəttə, haqqıdır!

Ata-ana qayğısından məhrum olan həmin uşaqlara dövlət dəstək göstərib.

Belə ki, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir.

Bu kateqoriyadan olan şəxslərin müvafiq yaşayış yeri ilə təmin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi həyata keçirir. Qeyd olunan müəssisələrdən məzun olan vətəndaşlarımız üçün “Məzun evi” sosial müəssisəsi fəaliyyət göstərir ki, o, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biridir.

Bakunews.media-ın əməkdaşları da 2016-cı ildə təhvil verilən “Məzun evi”nə baş çəkib, həyatın çətin sınağından keçən ailə ilə söhbətləşiblər.

Həyətə daxil oluruq. Sakitlik hökm sürür. Girişdə bağça var. Öz-özümə düşünürəm, bəlkə də, bağçaya uşağını təhsil üçün yollayanlar eyvandan onları seyr edirlər. Çünki zamanında ailələri onlardan imtina edib. Buranın sakinləri isə övladlarını gözdən qoymaq istəmirlər...

Bu zaman: “Bizim binaya xoş gəlmisiniz!” - sözlərini eşidirəm.

Bizi qarşılayan uşaq evində böyüyən və burada ailə həyatı quran NəzrinDenis Surkovlardır.

Söhbət edə-edə liftlə evlərinə qalxırıq.

Evə daxil olan kimi Nəzrin: “Qonaqlarıma tez çay gətirim”, - deyir. Mən isə: “Yox, əziyyət çəkməyin”, - söyləyirəm. 

Bu zaman o: “Xoşdur, evimizə tez-tez qonaq gəlmir ki...” - deyir.

Nə yalan deyim, kövrəldim.

Nəzrin heç ana-atasını xatırlamır da... Bəxtiyar Vahabzadə “Atılmışlar” poemasında oxucularına insanın körpəlikdə və qocalıqda başqalarına möhtac olduğunu çatdırmaq istəyir. Denis və Nəzrin isə indi kiməsə möhtac deyillər. Amma kim onların qapısını tez-tez döyür ki?!.

Haşiyə çıxaraq qeyd edim ki, Abşeron rayonunda inşa olunan bu çoxmənzilli üç yaşayış binasında 365 məzun mənzillə təmin olunub. Burada onlara həm də sosial məsləhət, sosial-hüquqi və sair xidmətlər də göstərilir.

Eləcə də, müvafiq sərəncama əsasən, bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərində mənzillə təminatı tədbirləri də həyata keçirilir.

Sərəncamın icrası çərçivəsində verilən mənzillər də daxil olmaqla son illərdə bu kateqoriyadan olan şəxslərə 650-dən çox mənzil təqdim edilib.

Denis və Nəzrin beş ildən çoxdur ki, ailə həyatı qurublar. Bütün çətinliklərə birlikdə sinə gərib, həyata sıfırdan başlayıblar.

D.Surkov deyir ki, ailə anlayışının nə olduğunu Nəzrinlə evləndikdən sonra anlayıb:

“Çünki mən özümü anlayan yaşda valideynlərim tərəfindən uşaq evinə atılmışam. Həmin vaxtdan 2018-ci ilə kimi ailə nədir, bilməmişəm...” (susur)

Həmsöhbətim 1989-cu ildə Bakı şəhərində anadan olub və ailəsi tərəfindən dövlət himayəsinə verilib:

“Altı yaşım olan zaman ailəm məndən imtina edib. Həmin vaxt ölkədə müharibə şəraiti idi. Yadımdadır ki, mən və ailəsi tərəfindən atılan digər uşaqları QAZ-31 markalı avtomobilə mindirdilər və Lənkərana apardılar. Çətin günlər keçirdim. Ailəm üçün darıxırdım. Axı ana-atadan ayrılmaq çətindir. Hər gün ağlayırdım ki, anam-atam haradadırlar? Uşaq evində olanların hamısı ailəsi üçün ağlayırdı.

Gecələr isə darıxmaq hissim daha da artırdı. Çünki isti ana qucağı istəyirsən... (kövrəlir) Orada qaldığımız vaxt dostlarımla çox əziyyət çəkirdik. Yemək tapmırdıq, döyülürdük, amma dözürdük. Çünki gedəcək başqa yerimiz yox idi. Gözümüz qapıda qalsa da, valideynlərimiz gəlmirdilər. Beləcə, yavaş-yavaş uşaq evinə öyrəşdik”.

O deyir ki, uşaq evindən hərbi xidmətə yollanıb:

“Əsgərlik müddəti başa çatdıqdan sonra Bakıya qayıtdım. Ailəm məni tapdı və bir müddət onlarla qalmaq məcburiyyətində oldum. Çünki əsgərlikdən təzə gəldiyim üçün işim, pulum yox idi. Bacım-qardaşımla bir yerdə yaşadım və baxdım ki, onlarla mənim xasiyyətim tutmaz. Həm də uşaqlıqda ata-ana sevgisi görməmişəm, böyüyəndə nə mənası var idi ki?!.

Nizami rayonunda yataqxana var idi və mən oraya yerləşdim. Bilirsiniz, həyatda hər şeyin çarəsi var, amma ailəni seçmək şansın yoxdur. Valideyn körpəsini atanda onun uşaqlığını, gəncliyini əlindən aldığını fikirləşməlidir.

İndi sevinirəm ki, yaxşı ki, onlarla birlikdə qalmadım, öz ayaqlarımın üzərində durmağı bacardım. Daha sonra dövlət tərəfindən burada evlə təmin olunduğumu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi”.

D.Surkov deyir ki, həyat yoldaşı ilə də “Məzun evi”ndə tanış olub:

“Binada mənə fəhlə işi də verilib. Həyat yoldaşımı buraya köçən zaman gördüm. Nəzrinin əşyaları binanın qarşısında idi. Mən də ona kömək etdim və əşyaları evinə qaldırdıq. Həmin vaxtdan ünsiyyətimiz yarandı, danışdıq. Elçiliyi də internat uşaqları ilə birlikdə etdik. Hələ də indiki gəldiyim vəziyyətimə inanmağım gəlmir. Hər gün öz-özümə deyirəm ki, mənim ailəm, evim var? Hər gün Allaha bu günümüzə görə şükür edirəm. Qızlarım doğulandan sonra onların bu evdəki gülüşü bütün uşaqlıqdakı sevgisizliyimi, çətinliyimi unutdurur”.

Denis valideynlərini görsə də, Nəzrin Surkovanın heç vaxt belə bir şansı olmayıb:

“Körpəlikdən Bakıda uşaq evində böyümüşəm. Atam-anam barədə ümumiyyətlə xəbərim yoxdur. Çətin günlər yaşadım. Özümü anlamağa başlayandan həyatdan ən çox ailəmin, xoşbəxt evliliyimin olmasını istədim. Xoşbəxt olmaq mənim də haqqım idi. Mən uşaq evindəki günlərimi heç xatırlamaq istəmirəm də...” (bir müddət susur)

O deyir ki, 18 yaşı olandan sonra burada ona ev verilib:

“Əşyalarımı evə çıxarmaqda Denis kömək etdi. Sonra tanış olduq, danışdıq, şəhərə gəzməyə getdik. Bir müddət sonra ilk olaraq mən ona dedim ki, səndən xoşum gəlir. Onun da mənə qarşı hisslərinin olduğunu hiss etmişdim. 2018-ci ilin avqustunda ailə həyatı qurduq. Toyumuzu xeyriyyə məqsədi ilə məşğul olan bir qadın etdi.

İlk vaxtlar bir-birimizə öyrəşməkdə çətinlik çəksək də, indi hər şey yolundadır. İki qızımız var. Hər gün onları məktəbə, bağçaya aparıb-gətirirəm. Denislə çalışırıq ki, özümüzün görmədiyimiz isti ailə ocağını uşaqlarımız hiss etsinlər. Çünki valideynsiz, təkbaşına yaşamağın çətinliyini biz bilirik”.

Söhbət əsnasında qapı döyülür. Nəzrin qapını açır və böyük qızları Nərgiz otağa daxil olur.

Həmin vaxt Nərgiz fotoqrafımıza səslənərək: “Atamla mənim şəklimi çəkin”, - deyir.

Təbii ki, gülərüz Nərgizin xahişini fotoqraf dərhal yerinə yetirir.

- Nərgiz, neçənci sinifdə oxuyursan?

- Birinci sinifdə. Atam mənə oxşayır. (Özünün atasına oxşadığını demək istəyir - red.) Ona görə də şıltağam.

O, bizə əl işi olan rəsm əsərini də göstərir. Nərgiz adı kimi yaz təravətli, pozitivdir. O, sanki ata-anasının çətin, əziyyətli günlərini unutdurmaq üçün dünyaya göndərilmiş mələkdir.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

0.11029887199402