Min bir dərdin dərmanı olan Azərbaycan nefti necə müalicə vasitəsinə çevrildi? - REPORTAJ + FOTO

Deyilənlərə görə, qədim zamanlarda Azərbaycan ərazisində əldə olunan neft karvan yolları ilə müxtəlif ölkələrə daşınırmış. Həmin vaxtlarda Bakıdan və Naftalandan savayı, heç yerdə neft çıxarılmayıb.

Hələ XII əsrdə şair Nizami Gəncəvi öz əsərlərində indiki Naftalan yaxınlığında yerləşən Səfikürd kəndindən dəvə karvanları ilə neftin aparıldığını qələmə alıb.

İtalyan səyyah Marko Polo da Azərbaycanda olan zaman “Böyük Tatarıstan haqqında” məlumatında qeyd edirdi: “Gürcüstanla sərhəddə böyük yağ mənbəli quyu var, özü də lap çox... Yeməli deyil, yandırmaq, qotur və qartmaqlı dəvələrin dərisinə sürtmək olar. Bu yağ üçün uzaq yerlərdən gəlirlər, onu ölkənin hər yerində yandırırlar”.

Bu məlumatdan da nəticəyə gəlmək olar ki, neft yalnız təsərrüfatın bir çox sahələrində deyil, həmçinin müalicə vasitəsi kimi də istifadə edilirdi.

Bakunews.media-ın əməkdaşları da müalicəvi əhəmiyyətə malik Naftalan nefti barədə reportaj hazırlamaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) “Naftalan” yatağı ərazisinə səfər ediblər.

Müalicə məkanı sayılan Naftalana çatırıq. Hər yerdə neftlə müalicə sanatoriyaları var.

Təbii ki, müalicəvi əhəmiyyətə malik Naftalan nefti qədim zamanlardan bütün dünyada məşhurdur: Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan Naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Naftalan nefti ilə yüklənmiş tuluqları dəvə karvanları buradan həm Qərb, həm də Şərq ölkələrinə daşıyırdılar.

Ə.C.Əmirov adına NQÇİ-nin rəhbərlik yanında aparatda baş markşeyderi Oktay Talışov deyir ki, Naftalan Kiçik Qafqazın ətəklərində, Gəncə şəhərinin cənub-şərqində yerləşir:

“Naftalanda təbii neft çıxışları qədimdən məlum olub. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə XIII əsrdə yaşamış italiyalı səyyah Marko Polo söhbət açıb. 1873-cü ildə alman mühəndis A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırıb və Naftalan müalicəxanasını inşa etdirib. 1890-cı ildə artıq neft emalı və xəstəxana üçün məlhəm istehsal edən kiçik zavod tikilib.

Tarixdən məlumdur ki, 1904-05-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım qutularından Naftalan mazı doldurulmuş bankalar tapılıb, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Ümumiyyətlə, Naftalan sahəsində əllə qazmaya 1887-ci ildən başlanılıb”.

“Naftalan” yatağı 1950-ci ildən istismara daxil olub. Buranın neftinin xüsusi çəkisi - 918 kq/kubmetr, özlülüyü -53,7, qatranlığı isə 14 faizdir.

Bəs Naftalan sözü necə yaranıb?

Qeyd etdiyimiz kimi, alman mühəndis E.İ.Yeger Azərbaycanda “Goran” (indiki Naftalan) ağır neft yatağında sahə alıb, neft istehsalı üçün quyular qazdırıb. Lakin onun ümidləri boşa çıxıb. Çünki bu neftin tərkibində benzin fraksiyaları yox idi, o ağır idi və yanmırdı. E.Yeger iflas olmaq həddinə çatıb.

Elə bu zaman o, yay aylarında buraya yüzlərlə insanın gələrək, bu neftlə dolmuş gölməçələrə girdiyini müşahidə edib. Yerli əhalidən bu neftin müalicəvi xüsusiyyəti və müalicə üsulları barədə ətraflı məlumat aldıqdan sonra E.Yeger yanmayan ağır neftdən “naftal” adlandırdığı məlhəm istehsal edən kiçik bir zavod tikib. Elə “Naftalan” sözünün də buradan yarandığı bildirilir.

E.Yeger müalicə məqsədilə “neft vannaları” təşkil edib. Bu iş çox böyük uğur gətirib. Məhsullar və xam neft özü Almaniyaya daşınmağa başlanılıb və 1896-cı ildə naftaldan dərmanlar hazırlayan iki səhmdar cəmiyyət - “Naftalan Maqdeburqda” və “Naftalan Drezdendə” - fəaliyyətə başlayıb. Sonra naftalın tətbiqi ilə bağlı dərslik nəşr olunub və oraya E.Yegerin məqalələrindən başqa, 600 həkimin rəyi də daxil edilib.

Tədqiqatlar göstərir ki, qatı konsistensiyalı, qara-qəhvəyi rəngdə, özünəməxsus ətirli bir maye olan Naftalan neftinin əsas təsiredici maddəsi naften karbohidratlarıdır. Bu maddələr ağrıkəsici, iltihabəleyhinə, damargenişləndirici, antiallergik təsirə malikdir. Bütün bunlara əsaslanaraq Naftalan nefti tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilib.

Oynaq xəstəliklərinin naftalan terapiyası patogenetik müalicə üsuludur. Bu müalicənin təsirini artırmaq üçün, həmçinin, kompleks şəklində fiziki və dərman müalicəsi də tətbiq olunur.

Naftalan müalicəsini məqsədyönlü şəkildə apardıqda patoloji təzahürlər azalır, yaxud aradan qalxır, əzələ spazmaları azalır, oynaqların funksional tutulmaları aradan qaldırılır. Bütün bunların nəticəsində hərəkətlilik artır və ağrı hissləri azalır.

Ə.C.Əmirov adına NQÇİ-nin 3 saylı NQÇS-nin ustası Bəxtiyar Nuriyev isə deyir ki, 1929-cu ildə Naftalan sahəsində mədənin və baxımsız qalmış müalicə neft quyularının bərpasına başlanılıb:

“1942-ci ildə müalicəvi neftli horizontlardan aşağı kəsilişdə yanacaq neftli horizontlar aşkar edilib. Yanacaq neftinin hasilatına 1942-ci ildən başlanıb və 1962-ci ilin sonunda “Azneft” İctimai Birliyinin əmri ilə bu tipli neftin hasilatı dayandırılıb.

Neft hasilatının dayandırılmasında məqsəd müalicə neftinin xassələrini saxlamaqla bərabər, kurort zonasını genişləndirmək idi. Hasil olunan neft həmin ərazidə fəaliyyət göstərən müalicə mərkəzlərinə satılır. Yanacaq nefti çıxarılmasa da, bu gün yataqda istismar əməliyyatları SOCAR-ın “Azneft” İB tərəfindən həyata keçirilir”.

Naftalan yatağında neçə quyu var?

B.Nuriyev qeyd edib ki, Naftalan yatağında 18 quyu fəaliyyət göstərir:

“İşlənmənin əvvəlindən 56,3 min ton neft çıxarılıb”.

Bu gün xüsusi diqqət sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənib, müasir müalicə mərkəzləri istifadəyə verilib. Hazırda ilin bütün fəsillərində, xüsusilə yay aylarında Naftalana nəinki Azərbaycanın digər bölgələrindən, eləcə də bir çox xarici ölkələrdən müalicə məqsədilə gələnlərin sayı artmaqdadır.

Naftalana ənənəvi olaraq Rusiya, Ukrayna, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrdən şəfa tapmağa gələnlər çoxluq təşkil edir. Bu insanları kurort şəhərinə gətirən isə təbii ki, Naftalan neftinin dünyada qazandığı şöhrətdir...

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

0.079617023468018