Tələbələrin hansı halda təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirə bilməyəcəyi açıqlanıb

Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə, Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə və Ali təhsilin magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.

Vurğulanıb ki, tələbələrin köçürülməsi elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız bir dəfə həyata keçirilir.

0.082859992980957