Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA + FOTO
Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır.
Məsələ ilə bağlı “Trend”ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bələdiyyə torpaqlarına dair istər satış, istərsə də icarə haqqında sənədlərin tərtib edilməsi, verilməsi mülkiyyət hüququnu tam təsdiq edən sənəd deyil.
“Çünki əgər torpaq bələdiyyə tərəfindən vətəndaşa satılırsa mütləq özəlləşdirilməlidir. Yəni torpaq özəlləşdirilib çıxarış alınmalıdır. Sonradan əgər həmin torpaq üzərində hər hansı tikinti işləri aparılacaqsa, bu da qanunvericiliyə uyğun sənədləşdirilməli və mülkiyyət hüququna dair müvafiq orqandan sənəd alınmalıdır. Belə olan halda o əmlak tam hüquqa malik olur və lazımi qiymətini alır.
Bələdiyyələr tərəfindən çoxsaylı belə sənədlər verilib. Lakin çox təəssüflər olsun ki, onlar vaxtında lazımi hüquqi qiymətini almayıb, müvafiq orqanlara müraciət edilməyib. Ona görə də həmin torpaqlar üzərində tikilən evlərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi gecikdirilir. Lakin bu proses davam edir, artıq onminlərlə sənəd hazırlanıb, bir çoxlarına hüquqi sənədlər təqdim edilib, müəyyən yarımçıq qalan sənədlər var ki, onların da üzərində iş gedir.
Düşünürəm ki, bu işlər sürətləndiriləcək. Çünki istər deputatlar tərəfindən, istərsə də ictimaiyyət tərəfindən ciddi təkliflər var. Hər şey qanunvericiliyə uyğun aparılmalıdır və ona görə də əmlak qanuni sənədlərlə öz təsdiqini tapmalı, gələcəkdə vətəndaşın narazılığına şərait yaratmamalıdır”, - deyə komitə sədri əlavə edib.