Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb - FOTO
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb.
Bakunews.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşayiətedici sənədlərinin olmaması bu məhsulların həqiqiliyi və mənşəyi barədə əsaslı şübhələr yaradıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Belə ki, muxtar respublikada fəaliyyət göstərən bir topdansatış anbarında 145, 40 pərakəndə satış mağazasında isə 196 ədəd olmaqla, ümumilikdə, satışda olan 341 ədəd beş ltirlik qablaşdırmada “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının toxunulmaması təmin edilərək dövriyyəsi dayandırılıb. Adıçəkilən məhsullardan sınaq məqsədilə 3 ədəd nümunə seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Sınaq nəticələrinə əsasən hər üç yağ nümunəsinin keyfiyyət göstəricilərində bır sıra uyğunsuzluqlar aşkar edilib. Bundan əlavə yağ-turşu tərkibi üzrə əldə olunan müayinə nəticələrinə əsasən məhsulun təmiz zeytun yağı deyil, bitki mənşəli yağ qarışığından ibarət olduğu müəyyənləşib.
İnsanların həyat və sağlamlığı baxımından vəziyyətin ciddiliyini nəzərə alaraq agentlik tərəfindən müvafiq tədbirlər görülüb. Belə ki, 338 ədəd 5 litrlik qablaşdırmada (1690 litr) “Saklıvadi” əmtəə nişanlı saxta zeytun yağlarının məhvi barədə qərar qəbul edilib və martın 28-də proses həyata keçirilib.