Naxçıvanda sel sularından səmərəli istifadə - FOTO
Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında yağıntıların intensivliyi sel sularının artması ilə müşahidə olunub. Belə ki, Cəhriçayına, Qahab və Sirab selovlarına sel suları gəlib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən sel sularının itkiyə getməməsi və səmərəli istifadəsi üçün Qahab selovunda bəndlər tikilib. Beləliklə, sel suları Qahab, Naxışnərgiz kəndlərinin əkin və həyətyanı sahələrində istifadə olunması üçün yönləndirilib. Həmçinin Sirab selovundan Ağgöl və Sirab kəndinin əkin və həyətyanı sahələrinə, Cəhriçaya gələn sel suları isə Uzunoba, Payız, Cəhri-1 və Cəhri-2 göllərinə, Gülşənabad, Payız və Cəhri qəsəbəsində sakinlərin əkin sahələrinə yönləndirilib.
Bayram günlərində operativ çalışan idarə əməkdaşları texnikalar vasitəsilə sel sularından səmərəli istifadəni təmin ediblər.