Bakıda Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yaşıllıq məhv edilib - FOTO/VİDEO

Bakının yasamal rayonunda yaşıllıq məhv edilib.

Belə ki, Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yeddimərtəbəli binanın birinci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib.

Tikintidə işləyən fəhlələr tribunainfo.az-a bildiriblər ki, təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır.

Avtomobillərin rahat gedib-gəlməsi, park edilməsi üçün altı çoxillik şam ağacları yerindən çıxarılıb.

Fəhlələrin dediyinə görə, guya həmin ağacları kəsməyiblər, kökündən çıxarıb başqa yerdə əkiblər.

Bundan başqa tikintini aparanlar 500 kvadratmetrlik yaşıllıq ərazisini məhv edərək həmin yerə beton töküblər, 200 kvadratmetrə yaxın qazon örtüyünü isə qazıb yerindən götürərək özləri üçün parklanma yeri düzəldiblər. Həmçinin digər çoxillik şam ağaclarının dibinə sementlə qarışdırılmış suyu axıdıblar ki, ağaclar süni şəkildə qurusunlar.

Hazırda ərazidə qanunsuz işlər davam edir.

Həmin görüntüləri təqdim edirik:

0.069422960281372