Səhiyyə naziri: “Psixiatriya ixtisası üzrə rezidentura təhsilinin müddəti artırılıb”
Azərbaycanda “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib.
Bakunews.media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109” çağrı mərkəzi yaradılıb:
"Həmçinin tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir".