Allah bizə nemət verib, biz isə qiymət...

Kubra Məhərrəmova yazır...

Məhəmməd peyğəmbərin bu günümüzə gəlib çatan kəlamlarından biri də alimlərlə bağlıdır. O hələ cahilliyin və imansızlığın tüğyan elədiyi bir dövrdə - VI əsrdə deyib ki, “Alimin mürəkkəbi şəhidin qanından üstündür”.

Bu gün nə qədər inkişaf etsək ki, elmin, texnikanın gücündən istifadə edib müasirləşsək də, bir balaca altını qazan kimi görürsən ki, mənəvi olaraq VI əsrdən heç də uzağa getməmişik.  

Yenə qız uşaqlarını diri-diri torpağa basdırırıq, (bu gün onu selektiv abort vasitəsi ilə edirik) qız uşaqlarını yenə yeniyetmə yaşlarında erkən nikaha və ana olmağa məcbur edirik. Oğlan uşaqları ilə münasibətimiz də göz önündədir... 

Peyğəmbərimizin “Elm Çində belə olsa, gedib öyrənin” demişdi bizə. Amma görünən odur ki, biz nəinki özümüz buradan-bura elm dalınca getmirik, heç gedənləri də adam yerinə qoymuruq.

Kim nə deyir desin, bütün cəmiyyətlərdə ictimai sifariş deyilən bir güc var. Ya cəmiyyət tələb edir, ya da etmir. 

Bu gün cəmiyyətin ictimai sifarişi göz önündədir. Bir az yeyib-içmək, bir az çal-oyna, bir az da “TikTok”, bəsdir... 

Quranın bir sıra ayələrində Allah bizə savadlı, bilikli olmağı buyurur. Təfəkkür sahibi olmağı buyurur. Amma və lakin bizim cəmiyyətdə nə alimə, nə də onun mürəkkəbinə hörmət yoxdur. 

Çünki bir ara ortaya o qədər geydirmə alim-professor çıxdı ki, üzünə baxanda adam soruşmaq istəyirdi ki, ay kişi, ay qadın, iki eşşəyin arpasını bölə bilirsənmi, alim adını almısan? Məhz almısan. Dövriyyəyə ki, pulla alim adı almaq keçdi, cəmiyyət də anladı ki, üç-beş ton kartof, 50-100 baş qoyun satıb rahatca istənilən sahə üzrə bu adı almaq olar.

Bundan sonra isə əsl alimlə, geydirmə alimi nə ayırmağa həvəs qaldı, nə də tanımağa. Amma mən sizə onları tanımağın yolunu deyim. Geydirmə alimlər bahalı maşınlarda gəzir, bahalı evlərdə yaşayır. 

Əsil alimlər isə köhnə-nimdaş geyimlərdə, soyuq evlərdə, ya da kimisə kirayə qapısında, illərlə yığdıqları əlyazmaları ilə birgə ömür çürüdürlər. 

Beş gündür ki, professor Fazil Qaraoğlu İsmayılov küçədə gecələyir. O, yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən ev sahibi tərəfindən mənzildən çıxarılıb. Bunu da qonşuların sayəsində bildik. 

77 yaşlı professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. “Ermənilər və həqiqətlər sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib. Quran kitabını ilk dəfə hər iki dilə - həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.

Məsələnin maraqlı tərəfi budur ki, hansısa bloqer “TikTok”a çıxıb təlxəklik edəndə dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz həmin adama bahalı hədiyyə, pul, avtomobil göndərirlər. 

Niyə bu xalqın pullu adamları hansısa müğənniyə iki yüz, üç yüz minlik ev, avtomobil bağışlaya bilir, amma bir alimin ev kirayəsinin pulunu vermək istəmir? 

Niyə hansısa ortada fırlanan adamın hörməti, onsuz da çox az sayda qalan alimlərimizdən daha artıqdır? 

Üç-beş ildən sonra isə bu alimlər də dünyadan köçəndə, ağzı göyçəklər başlayacaqlar ki, “bəs niyə ermənilərin o qədər alimi var, bizim yoxdur?” Çünki olanı da diri-diri torpağa gömürük... 

İndiyə kimi bir dəfə eşitmədim ki, Rusiyada qaz vurub-qazan dolduran həmvətənlərimizdən biri çıxsın ortaya ki, filan alimin filan elmi araşdırmasının həyata keçirilməsi üçün mən sponsorluq edirəm. Qoy araşdırsın, biz də dünyada elmli-savadlı xalq kimi tanınaq. 

Amma nə qədər müğənniyə sponsor olub, pullarını göyə sovurublar. Sonra da deyirlər ki, öz pulumdur, özüm bilərəm. İstəyərəm itə ataram... 

Məhz bu düşüncəyə görə də, Qafqazda elmi araşdırmaya, elmi kəşflərə görə ən sonuncu yerdəyik.

Quranın bir çox ayələrində Allah bizə “düşünməyi”, “fikirləşməyi”, “ağıl, təfəkkür sahibi olmağı” buyurur.  İslam alimləri bir zamanlar qədim yunan filosoflarının, fizik və riyaziyyatçılarının, astronom və kimyaçılarının əsərlərini latın dilindən ərəb dilinə tərcümə edib, öyrənib və tarix üçün qoruyublar. Məhz bu səbəbə görə itirilməyən biliklər sayəsində daha sonra Avropa intibahı meydana çıxıb. 

Niyə bu yazıda məhz Qurandan sitatlar gətirdim. Çünki küçədə qalan alimimiz bir daha qeyd edirəm, Quranı həm Azərbaycan, həm də rus dilinə çevirib. 

Allah bizə bu cür nemət verib, biz də ona belə qiymət vermişik. 

0.046817064285278