PA rəsmisi: “Kibercinayətkarlığın bütün növlərinin qarşısının alınması üçün xüsusi hüquqi baza hazırlanıb”
“Müasir elmi tərəqqi dövrü yeniliklər təqdim edir. Sürətli proqressiv öz özlüyündə bir çağırışdır. Bu həm də yaranan problemlərə effektiv həll yoludur”.
Bakunews.media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci ildə koronavirusla mübarizə çərçivəsində karantin rejimi tətbiq edilib:
“Eləcə də sənədlərin elektron formatda təqdim edilməsi, onlayn qaydada, elektron formatda tətbiq olunması ilkin addımlar idi. Həmin dövr üçün ən zəruri institutların fəaliyyətinin elektron qaydada həyata keçirilməsi təmin edilib. Hesab edirəm ki, bu mənada keçirilən konfransın xüsusi əhəmiyyəti var. Kibercinayətkarlığın bütün növlərinin qarşısının alınması üçün xüsusi hüquqi baza hazırlanıb. Kibercinayətkarlıqla haqqında konvensiyanın birinci fəsli qanunvericiliyə əlavə edilsə də, ikinci fəsli hələ də işlənir. Real vaxt rejimində bir sıra cinayət təqibi, eləcə də digər qaydaların qanunvericilikdə təsbit edilməsi bu istiqamətdə işləri daha da asanlaşdıracaq. Rəsmiləşdirilməsi qaydalarının, hüquqların qorunması, fərdi məlumatların, istintaq və məhkəmə sirlərinin qorunması, elektron möhürləri elektron qaydada istifadəsinin tənzimlənməsinə zərurət yaranacaq. Süni intellekt texnologiyasına əsaslanan proqramların nəzarətsizliyi ciddi təhlükə yarada bilər. Bu texnologiyanın inkişafına mane olmadan, müvafiq qaydada hüquqi mövzuların tənzimlənməsinə ehtiyac olacaq. Bu məsələyə ayrıca diqqət edilməlidir”.
Fuad Ələsgərov onu da əlavə edib ki, süni intellekt texnologiyasının insan nəzarətində fəaliyyəti diqqətdə saxlanılmalıdır:
“Süni intellekt tətbiqi çərçivəsində bir sıra məqamlar nəzərdə tutula bilər. Düşünürəm ki, konfrans çərçivəsində bu və digər məsələlər müzakirə ediləcək. Konfransın işinə uğurlar arzu edirəm”.
Könül Cəfərli