Ermənistan rəhbərliyi regionda sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır
Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir. Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib.
Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir.
Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Fuad Əliyev deyib.
O, qeyd edib ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır:
"İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir".
Fuad Əliyev deyib ki, Ermənistan rəhbərliyi regionda sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığı bir dövrdə gərginliyi artıran bu kimi təxribatçı əməllərdən əl çəkməli, sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır:
"Qarabağ və Şərqi Zəngəzurda dirçəliş, yenidənqurma, bərpa işləri həyata keçirilir. Lakin mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Beynəlxalq təşkilatlar regionda dayanaqlı sülhün bərqərar olması üçün Ermənistanın mina terroruna son qoyulması məqsədilə ciddi çağırışlar etməlidir".