Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtomobillərlə bağlı AÇIQLAMA: “Taksi kimi istifadə oluna bilməz”
Sumqayıt-Bakı və əks istiqamətdə qanunsuz sərnişin daşıyan avtobuslara qarşı mərkəzləşmiş qaydada tələblər qoyulsa da, bəzi sürücülər bu tələblərə riayət etmirlər. Belə ki, sürücülərin qeyri-müntəzəm sərnişindaşıma fəaliyyətlərini qanuniləşdirmələri üçün oktyabr ayının 1-dən qüvvəyə minən qaydalar var.
Bəs qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin, eləcə də nəqliyyat vasitələrinin texniki parametrlərini taksi fəaliyyətində tətbiq edilən yeni proqram kimi tənzimləyəcək proqram hazırlana bilərmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin tutumu doqquz yerdən çox olan həmin nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilməz.
Həmin nəqliyyat vasitələri sifarişli sərnişindaşıma fəaliyyəti göstərir. Sürücülər fəaliyyətlərini qanuni şəkildə davam etdirmək məqsədilə sifarişli daşımalar üçün icazə almalıdırlar. Bunun üçün rüsum tələb olunmur. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi elektron qaydada müraciət edilməklə alınmalıdır.
Bunun üçün AYNA informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. Bu sistemə daxil olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət etmək mümkündür. Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sisteminə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib.
Bəs sərnişin tutumu doqquz yerdən az olan nəqliyyat vasitələri üçün bu qaydalar hansı formada tənzimlənir?
AYNA-dan verilən məlumatda qeyd edilib ki, bu cür minik avtomobilləri taksi fəaliyyətinə dair tələblərə cavab verməlidir.
Könül Cəfərli