Konqo Prezidenti Deni Sassu-Nqesso Səngəçal terminalında olub
Azərbaycanda rəsmi səfərdə olan Konqo Prezidenti Deni Sassu-Nqesso və digər rəsmi şəxslər aprelin 5-də Səngəçal terminalında olublar. Terminalın Xəzər Enerji Mərkəzində qonaqları SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qonaqlara Azərbaycanın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verib.
Bildirilib ki, dünyada ilk dəfə mexaniki üsul ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. Azərbaycan dünyada ilk dəfə 1949-cu ildə açıq dənizdən - Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu hadisə “Ginnesin Rekordlar Kitabı”na ilk dəniz neft platforması kimi düşüb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə dünyanın yeddi ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” kimi tanınan Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzalanıb. Bu müqavilə ölkəmizin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Sonra qonaqlar avtobusla Səngəçal terminalının ərazisini gəziblər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.
Q.Rəhimli qeyd edib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağındakı platformalardan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan qaz terminala daxil olur, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir. Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycandan, 249 kilometri Gürcüstandan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düymə (86,36 santimetr) enir.
Dünyanın ən böyük terminallarından sayılan Səngəçal terminalının sahəsi 688 hektardan çoxdur. Terminal gündə 1,2 milyon bareldən çox xam neft və 81 milyon kubmetr qaz emal etmək gücündədir. Xam neft saxlama həcmi isə 3,2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub.
Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.
Qonaqlara “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri çərçivəsində terminalda görülən işlər barədə də ətraflı məlumat verilib. Onlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı əsas nasos stansiyası ilə də tanış olublar.
Ali qonağa məlumat verilib ki, Səngəçal terminalı Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirib və Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır.