Sonun başlanğıcı - Brüssel görüşü Ermənistanı fəlakətə sürükləyəcək - ŞƏRH
Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Paşinyan arasında görüş başa çatsa da, onun nəticələri hələ uzun müddət müzakirə olunacaq. Əvvəla, ondan başlayaq ki, Ermənistanın Belçikadakı səfirliyində keçirilən görüş gözlənildiyinin əksinə olaraq sönük olmaqla yanaşı, beynəlxalq diqqəti özünə cəlb etməyib. Yəni Ermənistanın təqdim etdiyi kimi ajiotaj doğurmayıb. Görüşlə bağlı yayılan xəbərlər, səslənən bəyanatlar da bunu deməyə əsas verir. Ermənistan üçün müsbət nəticə sadəcə ayrılacaq növbəti sədəqə tranşı ola bilər. Təbii ki, bu da əvəzsiz olmayacaq. Ermənistan çox ciddi və nəticələri fəlakətə gətirib çıxara biləcək ssenarilər yaşaya bilər.
Ən əsası bu üçtərəfli görüşü anti-Rusiya qüvvələrinin triumfu kimi qiymətləndirmək olar. Bu qüvvələr Ermənistanı öz riyakar və məkrli oyunlarının iştirakçısına çevirməyə müvəffəq olublar. Səslənən bəyanatlar və təşəbbüslərin də əksəriyyəti ancaq buna yönəlib. Düzdür, görüşdə Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardımı ayıracaq. Sözsüz ki, bu pullar elə-belə ayrılmır. Qarşıdakı dövrdə Ermənistan ayrılan vəsaitləri doğrultmaq üçün hansı addımları atacaq? Şübhəsiz ki, əsas etibarı ilə Rusiya əleyhinə addım və qərarların şahidi olacağıq. Bura Metsamor Atom Elektrik Stansiyasının bağlanmasından tutmuş, 102-ci hərbi bazanın çıxarılması, KTMT-ni tərk etmə və radikal addımlar daxildir.
O ki qaldı gələcəkdə Azərbaycanla sərhəddə Ermənistanın təxribatlar törətməsinə, ABŞ və Aİ ən yüksək səviyyədə Azərbaycanı əmin ediblər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. İstənilən halda hər şey qarşıdakı günlərdə bəlli olacaq. ABŞ və Avropa İttifaqı Azərbaycana verdiyi vədlərinə sadiq qalacaqmı, yoxsa riyakarlıq göstərib Ermənistana birtərəfli qaydada dəstək verəcək? Ümid etmək olar ki, verdikləri sözü tutub, Ermənistanı revanşizmə sürüklənməsinə rəvac verməyəcəklər.
Qeyd edək ki, Brüssel görüşündən əvvəl ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün təfərrüatlarını müzakirə ediblər. Prezident İlham Əliyev həm ABŞ Dövlət katibi, həm də Avropa Komissiyasının rəhbəri ilə apardığı danışıqlar zamanı öz mövqeyini qəti şəkildə bəyan edib və regional inklüzivliyin vacibliyini vurğulayıb.
Şübhəsiz ki, Bakı ilə məsləhətləşmələrin aparması Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Rəsmi Bakı açıq bəyan edib ki Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Yeri gəlmişkən, üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə ediblər. Bu da ciddi məsələdir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. “Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, - o qeyd edib. Zaxarova, həmçinin vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə deyilir ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. “Azərbaycanın iştirakını nəzərdə tutulmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”, - Türkiyə XİN qeyd edib. Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Görünən odur ki, bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir.
Bir sözlə, Aİ-Ermənistan-ABŞ müştərək konfransının birtərəfli və qərəzli xarakter daşıdığı göz qabağındadır. Ermənistan da anlamalıdır ki, Qərbin ikili standartları isə dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin oyununa getmək ölkəni yerlə-yeksan edəcək.
Beləliklə, ümid etmək olar ki, Brüssel görüşünün nəticəsi olaraq gələcəkdə regionda müharibəni yenidən alovlandırmağa cəhd olmayacaq. Düzdür, hədəf Rusiya üçün ikinci cəbhə açmaq olsa da, istisnalar da var. Çünki qarşımızda sözünə və imzaladığı vədə əməl etməyən Ermənistan dövləti var.
Sonda Brüssel görüşünün məxfiliyini nəzərə alaraq onunla bağlı bir tarixi bənzətmə aparmaq istərdim. Brüssel görüşünün birtərəfli qaydada keçirilməsi yadımıza vaxtilə SSRİ ilə faşist Almaniyası arasında 1938-ci ildə imzalanmış və tarixə Molotov-Ribbentrop paktını yada saldı. O zaman da fövqəldövlətlər xəyanətkarcasına Polşa və digər dövlətlərə xəyanət edərək onları öz aralarında böldülər. SSRİ və Hitler Almaniyasının imzaladığı pakt tarixə ən biabırçı və utancverici görüş kimi düşüb. Görünür, Brüssel görüşünü keçirənlər də Münxen sazişindən ilhamlanıblar. Lakin bir şeyi unudurlar. Qarşılarında qüdrətli və torpaqlarını cəmi 44 günə azad edən qüdrətli Azərbaycan dövləti dayanır. Heç bir qüvvə, heç bir dövlət onun nə müstəqilliyini əlindən almaq iqtidarındadır, nə də dövlət-xalq birliyini poza bilər. Ermənistan isə havadarlarının sözünə baxarsa, 44 günlük müharibənin nəticəsində olduğu kimi, yenə də biabırçı məğlubiyyətlə üzləşəcək. Budəfəki uğursuzluğu isə əvvəlkilərdən daha biabırçı olacaq.
“Report” İnformasiya Agentliyi