Qərb heç vaxt Ermənistanın inkişafına maraqlı olmayacaq
“ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin Brüsseldə keçirilən bugünkü görüşü regionda gərginliyin yaradılmasına hesablanıb. Belə bir ərəfədə Ermənistanın Azərbaycanla şərti sərhədinə silah, hərbi texnika toplanır, hərbi təlimlər keçirilir. Bu fakt Qərbin regionda vəziyyəti gərginləşdirməyə hesablanan ssenari ilə hərəkət etdiyini göstərir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Fuad Əliyev bildirib.
F.Əliyev qeyd edib ki, bu görüşdə Ermənistanla hərbi paktın imzalanması ilə bağlı mülahizələr Azərbaycanı narahat edən əsas məqamdır. Ekspert hesab edir ki, görüş öncəsi ABŞ baş katibi və Avropa İttifaqının rəsmisinin Azərbaycan Prezidentinə zəng edərək görüşlə bağlı izahat verməsi, məsələlərin yalnız iqtisadi dəstəklə bağlı olmasını söyləməsi də durumu yumşaltmır:
“ABŞ rəsmisinin Prezidentə zəngi və verdiyi izahat Azərbaycanın, ölkə başçısının regiondakı nüfuzunu, gücünü və əhəmiyyətini göstərsə də, atdığı addımlar qeyri-səmimidir, yanlışdır”.
F.Əliyevin fikrincə, əgər hərbi paktın imzalanması baş versə, regionda maraqlı olan digər ölkələr, o cümlədən Rusiya, İran da aktivləşəcək:
“Türkiyə daim yanımızda olub. Eləcə də Pakistan Azərbaycanı daim dəstəkləyib və bundan sonra dəstəkləyəcəyini bildirib. ABŞ, Avropa İttifaqı, xüsusilə də Fransa regionda sülhün bərqərar olmasına dəstək vermək əvəzinə münasibətləri daha da gərginləşdirirlər. 25-30 il ərzində ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri idi. Ukrayna münaqişəsi başlayandan sonra ABŞ-la Fransa Rusiya ilə münasibətləri pozdu. Bu gün Ukraynaya silah verməklə Ukraynanı bir dövlət kimi məhv edirlər. Ukrayna ilə münaqişə başlayandan sonra Rusiya Azərbaycanla bağlı öz mövqeyini müsbətə doğru dəyişdi. Digər tərəfdən isə ABŞ və Fransa Ermənistanı açıq şəkildə dəstəklədilər. İkinci Qarabağ müharibəsi dövründən bu günə qədər Ermənistanı açıq dəstəkləyirlər”.
Ekspert hesab edir ki, bu, nəticədə Ukrayna kimi Ermənistanı da məhvə aparacaq:
“Bu gün Ukrayna həmişəki Ukrayna deyil, ərazilərini itirib. Qərb bundan öncə Gürcüstanı da bu formada dəstəkləyirdi, nəticədə Gürcüstan ərazilərini itirdi. İndi də növbə çatıb Ermənistana. Post-sovet respublikaların sülhə gəlməsinə inanmıram. Çünki Ukrayna, Gürcüstan, Moldova nümunəsi göz qabağındadır. Ermənistan da bu yolu seçsə, onu da həmin dövlətlərin aqibəti gözləyir. Qeyd etdiyim kimi, təkcə Rusiya yox, İran da NATO qüvvələrinin regiona gəlməsini istəmir. Ermənistanla illər boyu qurulan əlaqələr yəqin ki, pozulacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq əvəzinə Ukrayna, Gürcüstan, Moldova təcrübəsini seçsə, onun xeyrinə olmayacaq. Ermənistan rəhbərliyi başa düşməlidir ki, yaxın qonşu olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması ancaq onların xeyrinə olacaq. Uzaq “dostları” - Fransa, ABŞ və ya digər ölkələr, hansılar ki, bu gün Ermənistanı münaqişəyə qızışdırırlar, onlar heç vaxt Ermənistanın inkişafına maraqlı olmayıblar, olmayacaqlar”.