“Afrikanın Holokostu” - Ruanda soyqırımı: Fransanın 30 ildir etmədiyi etiraf - ŞƏRH + FOTO

Aprelin 7-də bəşər tarixinin ən qanlı hadisələrindən biri kimi qəbul edilən Ruanda soyqırımının 30 ili tamam olur. 1994-cü ilin aprel-iyul aylarında hutu hökumətinin əmri ilə silahlandırılmış qruplar tərəfindən əsasən tutsi etnik azlığının nümayəndələri olan təxminən 800 min insan kütləvi şəkildə qətlə yetirilib. Faciədən keçən müddət ərzində BMT daxil olmaqla, müxtəlif ölkələr soyqırımına görə Ruandadan üzr istəsələr də, yalnız Fransa bu addımı atmaqdan israrla imtina edir. Əksinə, bu hadisəyə dair qızışdırıcı bəyanatlar səsləndirməkdə davam edir. Məsələn, faciəvi hadisələrin ildönümü ərəfəsində Fransa Prezidenti Emmanuel Makron növbəti uğursuz etirafı ilə diqqət mərkəzinə düşüb. Bildirib ki, Paris Ruandada tutsilərin soyqırımının qarşısını ala bilərdi, lakin bunu etməyib. Makron Ruandanın paytaxtı Kiqalidə soyqırımının ildönümü ilə bağlı keçirilən mərasimə dəvət olunsa da, iştirak etməyəcək. Mərasimdə Fransanı xarici işlər naziri Stefan Sejurne və soyqırımından xilas olmuş Fransanın Ruanda əsilli dəniz məsələləri üzrə dövlət katibi Herve Bervil təmsil edəcək.

Qətliamla bağlı Ruanda hökuməti dəfələrlə Fransaya etirazını bildirib, ancaq qarşı tərəf buna reaksiya verməyib. 1998-ci il yanvarın 12-də Fransanın ozamankı prezidenti Fransua Mitteran ölkəsinin mahiyyətini "Le Fiqaro" qəzetinə müsahibədə açıq mətnlə ortaya qoyub. "Həmin ölkələrdə soyqırımının baş verməsi o qədər də önəmli bir şey deyil", - deyə sabiq prezident bildirmişdi. Fransanın qətliamda oynadığı faktlara gəldikdə, bunlar da kifayət qədərdir. 2021-ci il martın 26-da tarixçilərdən ibarət "Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya" tərəfindən Fransa Prezidentinə təqdim edilmiş sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinə mənsub 800 mindən çox insanın qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanıb. Paris isə bir dəfə də olsun, buna reaksiya verməyib. Ümumiyyətlə, soyqırımı Fransa və Ruanda arasında gərginlik mənbəyi olub. Təsadüfi deyil ki, Ruanda hökumətinin sifarişi ilə hazırlanan son hesabatda Fransanın 1990-cı illərdə Ruanda rejiminə verdiyi dəstək ilə qan tökülməsinə “imkan yaratmaq”da “aparıcı” rol oynadığı qeyd olunub.


Fransa indiyə qədər soyqırımının qeyd olunması mərasimlərində qalmaqallı hərəkətləri ilə yadda qalıb və ola bilsin, bu dəfə də analoji hal təkrarlansın. Məsələn, faciənin 10 illiyi ilə bağlı keçirilən mərasimi yada salaq. Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ruanda Prezidenti Pol Kaqamenin Parisi sərt formada tənqid etməsinə etiraz olaraq tədbiri tərk edib. Prezident bəyan edib ki, Paris Ruanda soyqırımına görə məsuliyyətin bir hissəsini daşıyır.

“Afrika Holokostu” kimi tarixə düşən bu soyqırımı ilə bağlı hazırda matəm tədbirləri keçirilir. Maraqlı olan odur ki, son 30 ildə faciədə kimin günahkar olduğu sualına hələ də dəqiq cavab tapılmayıb: münaqişə tərəfləri bir-birini və beynəlxalq ictimaiyyəti günahlandırmaqda davam edir. Ruanda məhkəmə sistemi məlum olaylarla əlaqədar açılmış minlərlə cinayət işinin öhdəsindən gələ bilmir, qırğınların təşkilatçılarının bir çoxu xaricdə sığınacaq tapıb. Qurbanların yaxınları isə ədalətə nail ola bilmədiklərinə görə qisas almağa davam edirlər.


Ruanda Fransanı soyqırımının təşkilində rol oynamaqda suçlayaraq Parisin qətliamı törədən hutu qəbiləsindən olan hərbçiləri hazırladığını bəyan edib. Lakin Fransa bu ittihamlara qətiyyən məhəl qoymur. Əksinə, iddia edib ki, o zaman Ruandada olan fransız hərbçiləri itkilərin qarşısını almaq üçün əllərindən gələni ediblər.

Yeri gəlmişkən, Ruanda kimi Azərbaycanın da soyqırımından və kütləvi qırğınlardan əziyyət çəkdiyini xatırlatmaq yerinə düşər. Məhz rəsmi Bakı dəfələrlə beynəlxalq və yerli tədbirlərdə soyqırımı, neokolonializm məsələlərini qabardıb. Azərbaycan neokolonializmə, eləcə də müstəmləkə cinayətlərinə qarşı çıxan ölkələrdəndir. Fransanın anti-Azərbaycan siyasətinin bir səbəbi də buradan qaynaqlanır - Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan bəzi ölkələrin əsarətində qalmış müstəmləkələrin öz azadlıqlarına qovuşması uğrunda davamlı səy göstərir, tarixə ədalət prizmasından qiymət verir. Neokolonist arzularından əl çəkməyən Fransa isə tarixdən dərs götürmək istəmir.


Toxunmaq istədiyimiz digər məsələ əli milyonlarla insanın qanına batan Fransa hökumətinin baş verənlərdən hələ də nəticə çıxarmaq haqda düşünməməsidir. Tarixi soyqırımlar, kütləvi insan qırğınları ilə zəngin olan Yelisey sarayı sülhə, əmin-amanlığa qarşı çıxaraq Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqdadır. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğunu “unudub” birtərəfli qaydada İrəvanı dəstəkləyir. Bu ölkəni silahlandırır, onu yeni müharibəyə təhrik edir. Emmanuel Makronun və hakim komanda üzvlərinin qərəzi artıq o həddə çatıb ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, bir milyon azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanı “sülhpərvər ölkə” kimi təqdim edirlər. Bu, Yelisey sarayının həm ATƏT-in keçmiş Minsk qrupunda həmsədrliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu bir daha nümayiş etdirir.

“Report” İnformasiya Agentliyi

0.044741868972778